ELM VƏ TƏHSİL
“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası olub
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) və Yeni Azərbaycan partiyasının (YAP) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” II beynəlxalq elmi konfransı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki , “Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II beynəlxalq elmi konfransın “Heydər Əliyev və müasir Azərbaycan” adlı bölmə iclası Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilib.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və YAP-ın Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev konfransın əhəmiyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü böyük işlərdən bəhs edib.
ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Tamam Cəfərova çıxışında Azərbaycanda multikultural dəyərlərin önəmindən və ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü işlərdən danışıb.
ADU-nun SABAH mərkəzinin rəhbəri Aynur Budaqova konfransa təqdim etdiyi “Multikultural cəmiyyətdə tələbənin görmək istədiyi müəllim” adlı tezisini şagirdlərlə interaktiv şəkildə müzakirə edib.
Universitetin ingilis dilinin leksikologiya və üslubiyyatı kafedrasının müdiri Amil Cəfərov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və məktəbin müəllimi Orxan Əlibəyov öz tezislərini konfrans iştirakçılarına təqdim ediblər.
Cocuq Mərcanlı kənd icmasının sədri, əmək qəhrəmanı Oqtay Həziyevin “əməyə dəyər” çağırışı ilə maarifləndirici çıxışı maraqla qarşılanıb.
Sonra ADU-nun prorektoru Tamam Cəfərova konfrans iştirakçılarını təltif edib.
Xatırladaq ki, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” II beynəlxalq elmi konfransı artıq ikinci ildir keçirilir. Ötən il konfransın plenar iclası Azərbaycan Dillər Universitetində, bölmələr üzrə iclasları isə 12 ölkənin 14 universitetində olub. Bu il ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə bölmələr üzrə iclaslar Azərbaycanın köçkün məktəblərində keçirilib.