MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında Xalq artisti Elza İbrahimovanın mahnıları səsləndirilib VİDEO

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertin əvvəlində Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov Elza İbrahimovanın sənət dünyasından danışıb. Bildirilib ki, duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr Xalq artisti Elza İbrahimovanı unutdurmağa qoymur. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmaqla həmkarlarının qibtə etdikləri səviyyəyə ucalıb, ifaçıların rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb, onlarda musiqinin bu və ya digər janrına maraq oyadıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Elza İbrahimova mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə başa vurub.

Ramil Qasımov deyib: “Müstəqil Azərbaycanımızı vəsf edən bir neçə mahnı var və elə bugünkü gecənin adı olan "Nəğmə dolu bir ürəyəm ey Vətən" mahnısı da Azərbaycanımıza həsr olunan ən gözəl musiqi əsərlərindəndir. Çox sevindirici haldır ki, bu gün Elza İbrahimova sənəti dövlətimiz tərəfindən xüsusi qayğı və diqqətlə əhatə olunub”.

Sonra müğənni İlhamə Qasımovanın ifasında bəstəkarın “Ey Vətən” mahnısı səslənib.

Gecədə bir-birinin ardınca Elza İbrahimovanın unudulmaz nəğmələrini Xalq artistləri İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Vasif Məhərrəmli, Rəşad İlyasov, Gülüstan Əliyeva, Aqşin Abdullayev, Almaz Orucova, Teymur Əmrah, istedadlı müğənnilər Zamiq Hüseynov, Arzu Əliyeva, Aytən Məhərrəmova, Samir Piriyev, Samirə Əliyeva, Nicat Cəfərzadə, Türkay Məlikova, Cavad Sultanov, Zabitə Əliyeva, Rəvanə Qurbanova, Ayşən Mehdiyeva Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” ansamblının müşayiəti ilə ifa ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.