MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında yaddaqalan Yeni il şənlikləri təşkil olunub

Bakı, 5 yanvar, AZƏRTAC

Heydər Əliyev Sarayında uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv musiqili tamaşa təqdim olunub.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, simfonik orkestrin müşayiəti ilə baş tutan musiqili-nağılda uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət ediblər.

Ən populyar cizgi filmlərin motivləri əsasında hazırlanan musiqili-nağılda müğənnilərin ifasında sevilən cizgi filmləri “Gözəl və Bədheybət”, “Soyuq ürək”, “Ələddin”, “Pinokkio”, “Mulan”, “Kral Şir”, “Su pərisi”, “Vinni Pux” və başqalarından musiqilər səsləndirilib.

Eyni zamanda, bayram günlərində sarayda uşaqlar üçün Yeni il şənlikləri keçirilib.

Uşaqlara nağıl qəhrəmanları Dovşan, Qarğa, Canavar, Pirat, İfrit və Küpəgirən qarının iştirakı ilə böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunub. Bundan əlavə, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşüb və onları mahnı, rəqs, oyun və yeni il zarafatları ilə sevindirib.

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatıb. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirib və gözəl əhval bəxş edib. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.