REGİONLAR
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən “Ana” dramı səhnələşdirilib
Naxçıvan, 14 aprel, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Hüseyn Cavidin “Ana” dramı mərkəzin dərnək üzvləri tərəfindən səhnələşdirilib.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin dram dərnəyinin rəhbəri Təranə Mirzəyevanın ssenarisi əsasında hazırlanan “Ana, mən şəhid oldum” və “Azərbaycan qazisi” adlı vətənpərvərlik mövzusunda səhnəciklər də nümayiş olunub.
Vətənpərvərlik mövzusunda hazırlanan tamaşa Naxçıvan şəhər ümumtəhsil məktəblilərinin şagirdləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, məktəblilər arasında bu cür tədbirlərin təşkili şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, milli və ümumbəşəri dəyərlər əsasında yetişməsində, onların yüksək mənəvi keyfiyyətlərinin və estetik zövqlərinin formalaşmasında mühüm rol oynayır.