CƏMİYYƏT
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində narkomanlıqla mübarizəyə dair tamaşa nümayiş olunub
Bakı, 13 may, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinə müvafiq olaraq, Müdafiə Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun birgə əməkdaşlığı çərçivəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” tamaşasının nümayişi təşkil edilib.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlı övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.
Tamaşa iştirakçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.