MƏDƏNİYYƏT


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində şəhid kapitan Həmid Cəfərlinin xatirəsi anılıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin anım günü və onun xatirəsinə həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

44 günlük Vətən müharibəsinə və şəhid Həmid Cəfərliyə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəis müavini polkovnik N.Mövlanov, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçıları, veteranlar və qazilər, şəhidin döyüş yoldaşları çıxış ediblər. Şəhid kapitan Həmid Cəfərlinin anası Zenfira xanım ailə üzvləri adından tədbirin təşkilatçılarına ürək sözlərini çatdırıb.

Tədbirdə, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Həcər Hüseynova yazdığı “Şəhid kapitan Həmid Cəfərli” kitabından danışıb.

Tədbirin bədii hissəsi Baş İdarənin təqdim etdiyi vətənpərvərlik, qəhrəmanlıq ruhlu, dünya hərb tarixində yeni səhifə açmış Vətən müharibəsinə həsr olunmuş çıxışlarla davam edib. Aparıcılar Lalə Əlimuxtarova və Ayaz Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Vətən müharibəsinin bizim üçün qəhrəmanlıq rəmzi və qürur mənbəyi olduğunu vurğulayıblar. Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubova, populyar müğənnilər Rüfət Axundov, Elnur Məmmədov, Amil Həsənoğlu, rəqqasə Fatimə Fətəliyeva şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizə böyük hörmət hissi ilə hazırladıqları nömrələri şəxsi heyətə təqdim ediblər.

Xatırladaq ki, cəsur kəşfiyyatçı kapitan Həmid Cəfərli C.Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub, nizam-intizamı, məsuliyyəti ilə seçilib. 2013-cü ildə fəxri fərman və Silahlı Qüvvələrin yaranmasının 95 illik yubiley medalı ilə, 2017-ci ildə "Qüsursuz xidmətlərinə görə" 3-cü dərəcəli və Silahlı Qüvvələrin 100 illik yubiley medalları ilə təltif edilib.

2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində ön xətdə döyüşə başlayıb, Cəbrayılın yüksəkliklərini işğaldan azad edilməsi uğrunda vuruşub və Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərini işğaldan azad edilməsində iştirak edib. Kapitan Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhərində II Şəhidlər xiyabanında uyuyan kapitan Həmid Cəfərlidən Vətənə 3 övladı yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə kapitan Həmid Kərim oğlu Cəfərli ölümündən sonra “Vətən uğrunda” , “İgidliyə görə” , “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.