REGİONLAR
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 20 il əvvəl bitirən zabitlərlə görüş təşkil edilib
Naxçıvan, 8 avqust, AZƏRTAC
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 20 il əvvəl bitirən və hazırda Naxçıvan Qarnizonu qoşunlarında xidmət edən zabitlərin bir qrupu ilə görüş təşkil edilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə zabitlər ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Zabitlər muzeydə Ümummilli Liderin Vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu əks etdirən eksponatlarla yaxından tanış olublar.
Sonra Ali Hərbi Məktəbin 1999-cu il məzunları Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.