CƏMİYYƏT
Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaranmasının 25 illiyi qeyd olunub VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Qazaxıstanın ölkəmizdəki səfirliyində Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Dostluq Cəmiyyətinin fəalları, Qazaxıstanın Dostlar Klubunun üzvləri və digər qonaqlar iştirak ediblər.
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxışında vurğulayıb ki, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə mühüm töhfələr verir. Biz təkcə strateji tərəfdaş yox, həm də dost və qardaş ölkələrik. Heydər Əliyevlə Nursultan Nazarbayev iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin möhkəm bünövrəsini qoyublar və bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.
Tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəis müavini Ayxan Süleymanlı nazir Elmar Məmmədyarovun təbrik məktubunu oxuyub.
Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Cəmiyyətin vitse-prezidenti, "Dədə Qorqud" Vəqfinin sədri, "Azərbaycan dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov iki ölkə arasında əsrlərdir dostluq və qarşılıqlı yardım münasibətlərinin olduğunu deyib və bu münasibətlərin bundan sonra da davam edəcəyinə əminlik ifadə ediblər.
Sonra Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına töhfə verən şəxslərə təşəkkürnamələr təqdim edilib.