İQTİSADİYYAT


Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub

Bakı, 29 yanvar, AZƏRTAC

Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan modernləşdirmə işlərinin gedişi müzakirə edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev “Wood Group” şirkətlər qrupuna daxil olan “Amec Foster Wheeler Italiana” şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Heydər Əliyev adına neft emalı zavodunda görülən modernləşdirmə işlərinin gedişi müzakirə olunub, layihənin vaxtında tamamlanması üçün aparılan struktur optimallaşdırılması və layihənin idarə edilməsi üzrə podratçı “Amec Foster Wheeler Italiana” şirkəti ilə əməkdaşlıqdan, həmin şirkət ilə SOCAR-ın birgə müəssisəsi olan “SOCAR Foster Wheeler”in uğurlu fəaliyyətindən və yeni yaradılmış “SOCAR Daunstrim” şirkətinin layihədəki rolundan söhbət açılıb.

“Amec Foster Wheeler Italiana” şirkətinin prezidenti və icraçı direktoru G.Zuccaro bildirib ki, təmsil etdiyi şirkət artıq 10 ildən artıqdır SOCAR-la əməkdaşlıq edir. Hazırda “Wood Group”a daxil olan şirkətlərdə 60 mindən çox əməkdaş çalışır ki, onlardan da 9 min nəfəri neft emalı və neft-kimya sənayesi sahələrində fəaliyyət göstərir. SOCAR və “Wood Group” arasında Türkiyədə “Star” layihəsindən başlanmış əməkdaşlıq hazırda Heydər Əliyev adına NEZ-in modernləşdirilməsi prosesində davam etdirilir.

G.Zuccaro bu əməkdaşlığın uğurlu olduğuna və layihənin müvəffəqiyyətlə başa çatdırılacağına əminliyini ifadə edib.

Görüşdə, həmçinin “SOCAR Foster Wheeler” birgə müəssisəsinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, müəssisənin nəinki Azərbaycanda, eləcə də bölgədə yüksək səviyyədə mühəndislik xidmətləri təklif edən azsaylı şirkətlərdən olduğu qeyd edilib. Bildirilib ki, bu şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti azərbaycanlı mühəndislərdir və onlar xarici həmkarları ilə birlikdə yüksək nəticələr əldə edirlər. Onların müasir səviyyəli mütəxəssis kimi formalaşması üçün SOCAR tərəfindən hər cür şərait yaradılıb. “SOCAR Foster Wheeler” birgə müəssisəsinin mütəxəssiləri detallı mühəndislik kimi ən mürəkkəb xidmətləri yerinə yetirirlər.

SOCAR-ın prezidenti R.Abdullayev qeyd edib ki, Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirilmə işləri Azərbaycan dövlətinin nəzarəti altındadır və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəndir. Bu layihənin müəyyən edilmiş xərclər daxilində, yüksək keyfiyyətlə və qısa zamanda yekunlaşdırılaraq təhvil verilməsi podratçı şirkətin əsas vəzifəsidir.

Xatırladaq ki, SOCAR və “Foster Wheeler” şirkətləri tərəfindən 2012-ci ildə birgə müəssisə kimi yaradılmış “SOCAR-Foster Wheeler Mühəndislik” MMC neft emalı, neft-kimya və ətraf mühitin qorunması layihələrində mühəndislik, satınalma, tikintiyə nəzarət və layihənin idarəedilməsi ilə bağlı xidmətlər göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.