MƏDƏNİYYƏT
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbər vəzifəsinə təyinat olub
Tbilisi, 11 yanvar, AZƏRTAC
Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbər vəzifəsinə təyinat olub. Teatrın tarixində ilk dəfə azərbaycanlı bədii rəhbər təyin olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin əmri ilə teatrın bədii rəhbəri vəzifəsinə teatrın gənc aktyor və rejissoru Turqay Vəlizadə təyin edilib.
Məlumat üçün qeyd edək ki, bu vaxta qədər bu vəzifəni gürcü əsilli incəsənət xadimləri yerinə yetiriblər.
T.Vəlizadə, eyni zamanda, Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır.
Xatırladaq ki, teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze 2018-ci ilin oktyabr ayında səhhəti ilə əlaqədar işdən çıxıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi