İQTİSADİYYAT
Heydər Əliyev adına neft emalı zavodunda ictimaiyyətlə görüş keçiriləcək
Bakı, 13 oktyabr, AZƏRTAC
Heydər Əliyev adına neft emal zavodunun (NEZ) yenidənqurma və modernləşdirmə layihəsi üzrə hazırlanmış ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmə keçiriləcək.
Zavoddan AZƏRTAC-a verilən məlumata görə, maraqlı tərəflərin iştirak edə biləcəyi ictimai dinləmə noyabrın 8-də saat 10:00-da Heydər Əliyev adına NEZ-in Mədəniyyət Mərkəzinin kiçik akt zalında (2-ci mərtəbə) keçiriləcək. Tədbirdə iştirak edənlərin qeydiyyatı saat 9:30-da başlanacaq.
Görüş zavod tərəfindən təşkil olunur. SOCAR-ın Ekologiya İdarəsi tərəfindən hazırlanmış ƏMTQ sənədi ictimaiyyətin tanış olması üçün aşağıda qeyd olunan ünvanlarda yerləşdirilib: SOCAR-ın internet saytı - www.socar.az (elektron format) və Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 1 ünvanında yerləşən NEZ-in kitabxanası (çap variantı).
Tədbirdə mütəxəssislər tərəfindən NEZ-də həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi barədə ümumi məlumat və texniki göstəricilər, layihə üzrə ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi və monitorinqi barədə görüş iştirakçılarına məlumat veriləcək. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq.