REGİONLAR
Heydər Əliyev bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr edib
Ağcabədi, 9 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev xalqını, Vətənini canından artıq sevirdi. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ulu Öndər bütün mənalı ömrünü xalqının, Vətəninin inkişafına həsr edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının qərargahında keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
YAP rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov məruzəsində xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəmizə rəhbərliyinin bütün dövrlərində gördüyü işlərdən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olub, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli addımlar atılıb.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, “Aran” qəzetinin redaktoru Şirxan Hüseynov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva və başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından, xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışıblar.
Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən həvəskar aktyorluq və bədii qiraət kursunun iştirakçıları Ümummilli Liderə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Sonda iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətdən bəhs edən filmə baxıblar.