SİYASƏT


Heydər Əliyev dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbirin iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

“Dəyirmi masa”da rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən qısametrajlı filmin nümayişi ilə başlayıb.

Sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də xalqımız ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səyləri sayəsində bunun artıq reallıq olduğunu vurğulayıb.

İcra başçısı Ulu Öndərin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğıdan da danışıb. Bildirib ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək vurğulayıb ki, Ulu Öndər öz dövlətçilik səriştəsi və bacarığı ilə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb. A.Hüseynov Heydər Əliyevin ən böyük xidmətlərindən birini də Yeni Azərbaycan Partiyasının yaradılması olduğunu vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın sayılan-seçilən, qüdrətli dövlətlərindən birinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.