REGİONLAR
Heydər Əliyev fenomenal idarəçilik bacarığı ilə Azərbaycanı üzləşdiyi təhlükələrdən qurtardı
Sumqayıt, 13 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Hər il olduğu kimi, bu il də 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Qubadlı rayonu üzrə silsilə tədbirlər keçirilir. İyunun 13-də Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təşkilatçılığı ilə reallaşan elmi-nəzəri konfransda idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları YAP rayon təşkilatının inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər.
Təşkilatın iclas zalında davam edən konfransı Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Allahverdi Haqverdiyev açaraq bildirib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı, ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu hökm sürürdü. Yenicə müstəqilliyini bərpa edən respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. АХC-Мüsavat cütlüyünün yaratdığı hərc-mərclik Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz xilaskarına – həmin dövrdə Naxçıvana rəhbərlik edən Heydər Əliyevə üz tutaraq, onu hakimiyyətə dəvət etdi. Xalqın ağır vəziyyətinə biganə qala bilməyən Ulu Öndərin qayıdışından sonra ölkəmizin inkişafının yeni erası başladı.
Konfransda çıxış edən YAP ərazi ilk təşkilatlarının sədrləri Kamil Əhmədov, Müşkünaz Muradova və digərləri çıxışlarında bildiriblər ki, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dövlətçiliyi xilas olundu. Heydər Əliyev fenomenal idarəçilik bacarığı ilə Azərbaycanı üzləşdiyi təhlükələrdən qurtardı, müstəqilliyimizin əbədiliyini təmin etdi.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz dövlətimizin başçısının rəhbərliyi ilə sosial-iqtisadi sahədə böyük uğurlara imza atır.
Çıxışlarda belə bir inam ifadə olunub ki, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad ediləcək, məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Konfransda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə YAP Qubalı rayon təşkilatının fəxri fərmanları təqdim edilib.