REGİONLAR
Heydər Əliyev gənclərin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayıb
Bərdə, 9 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb, onların hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, Azərbaycanda dövlətini, Vətənini sonsuz məhəbbətlə sevən, ümummilli lider Heydər Əliyevi özünə örnək götürərək xalqının, dövlətinin ağır günlərində bir yumruq kimi birləşməyi bacaran gənc nəsil formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bərdə rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə keçirilən “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” adlı tədbirdə səsləndirilib.
Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarənin rəis müavini Aydın Qasımov ümummilli lider Heydər Əliyevin “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” sözlərini iştirakçıların diqqətinə çatdıraraq bildirib ki, bu kəlam onu söyləyən dahi insanın həyat fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Xalqının ağır günlərində onun yanında olan ümummilli lider Heydər Əliyevin nəbzi Vətəninin, Azərbaycanın nəbzi ilə döyünürdü.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova çıxışlarında Ulu Öndərin zəngin həyatından, ictimai-siyasi və dövlətçilik fəaliyyətindən, xilaskarlıq missiyasından, Bərdəyə səfərlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti Azərbaycanı inkişaf yoluna çıxarıb, müstəqilliyimizi dönməz və əbədi edib. Ulu Öndərin dövlətçilik siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda iştirakçılar “Heydər Əliyev: dünyaya pəncərə” sənədli filmini izləyiblər.