SİYASƏT
Heydər Əliyev hər zaman türk dünyası xalqlarının qəlbində yaşayacaq VİDEO
İstanbul, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar daha bir anma mərasimi Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil edilib.
İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında başlayan mərasimdə Türkiyənin dövlət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri, qardaş ölkədə təhsil alan tələbələrimiz və kursantlar, ölkə ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Ulu Öndərin büstü önünə güllər qoyulub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş konsul Həsən Zeynalov ümummilli lider Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin tarixi əhəmiyyətindən, xilaskarlıq missiyasından, türk dünyasının birliyi naminə gördüyü işlərdən bəhs edib.
Baş konsulluqda davam edən tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Asəf Hacıyev, Xanhüseyn Kazımlı, Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suver, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov və başqaları Ümummilli Liderin həyat və fəaliyyəti barədə danışıblar. Bildirilib ki, sülh və inkişaf, xalqlar arasında dostluq, insanların azad və firavan həyatının təmin edilməsi Heydər Əliyevin həyat amallarından olub. Ümummilli Lider hər zaman Azərbaycan xalqının azadlığı, dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, o cümlədən türk dünyasının birliyi və inkişafı naminə çalışıb. Qeyd edilib ki, Heydər Əliyev dünya siyasətinin formalaşmasına təsir etmək qüdrətində olan tarixi şəxsiyyətdir. Ulu Öndər hər zaman türk dünyası xalqlarının qəlbində yaşayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul