REGİONLAR
“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Ümummilli Liderin anım gününə həsr edilib
İsmayıllı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da İsmayıllı şəhər Mədəniyyət Mərkəzində keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Ümummilli Liderin anım gününə həsr olunub. Məşğələdə “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin əsasıdır” mövzusunda söhbət açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məşğələdə Ulu Öndərin İsmayıllıya səfərlərinin şahidi olan ziyalılar, ictimaiyyət nümayəndələri, icra strukturlarının, pedaqoji sahənin işçiləri, veteranlar, gənclər iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan xalqının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin istər sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində xalqımız, dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, Heydər Əliyev şəxsiyyəti daim öyrənilməlidir. Ulu Öndərin ümumxalq maraqlarına əsaslanan siyasəti Azərbaycanı yüksək inkişaf səviyyəsinə çatdırıb, çətin zamanda xilas edib və dünya miqyasına çıxarıb. Böyük Öndərin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirildiyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı bu gün Azərbaycanın beynəlxalq miqyasda tanınan, təsdiq edilən qüdrətli bir dövlətə çevrildiyini vurğulayıb.
Məşğələdə YAP rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyevin, şəhər 5 saylı tam orta məktəbin müəllimi Nailə Abdullayevanın, gənclər və idman idarəsinin rəisi Taleh Salehovun, Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktor əvəzi İsmayıl Faxtiyevin, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Kərimovun çıxışları dinlənilib.
Sonda rayon təhsil şöbəsinin ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirdiyi inşa yazı müsabiqəsində I,II və III yerləri tutan qaliblər mükafatlandırılıb.