ELM VƏ TƏHSİL
Heydər Əliyev iqtisadi modelinin elmi-nəzəri əsasları öyrənilir

Bakı, 7 iyun, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ 1969-cu ildən onun respublikamıza rəhbərliyi ilə başlanan böyük tarixi missiyasının əsas istiqamətlərindən idi. Heydər Əliyev ölkə iqtisadiyyatının milli regional xüsusiyyətlərinə, ölkənin tarixi formalaşma və inkişaf mərhələlərinə dərindən bələd idi. O, neft və qeyri-neft sənayesinin, kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırır, yüksəkixtisaslı kadr potensialının formalaşmasına, təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsinə, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinə çalışırdı. Məhz Ümummilli Liderin səyləri və gərgin əməyi nəticəsində Azərbaycan onun rəhbərliyinin birinci mərhələsində (1969-1982-ci illər) respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail oldu, ölkənin idarəetmə və texnoloji proseslərində hesablama texnikasının və avtomatlaşdırma vasitələrinin tətbiqi səviyyəsi yüksəldildi, bir çox elmi-texnoloji sahələrin formalaşdırılması prosesinə başlanıldı.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev məlumat verib.
O, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmasının xüsusi anlam daşıdığını, Ulu Öndərin irsinin daha dərindən öyrənilməsi və onun çoxtərəfli fəaliyyətinin müxtəlif aspektlərdən tədqiqi baxımından milli-mənəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Əlövsət Əliyev Heydər Əliyev iqtisadi modelində texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasında İKT-nin tətbiqi problemləri və perspektiv vəzifələri haqqında da danışıb. Qeyd edib ki, informasiya texnologiyalarının inkişafı üzrə müvafiq dövlət proqramlarında ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması üçün İKT infrastrukturu sürətlə inkişaf etdirilir, informasiya və biliklərə əsaslanan rəqəmsal iqtisadiyyat qurulur, informasiya və bilik bazarı yaradılır, güclü İKT infrastrukturu və vahid milli elektron informasiya məkanı formalaşdırılır.
Alim diqqətə çatdırıb ki, Heydər Əliyev iqtisadi modelinin elmi-nəzəri əsaslarının dərindən öyrənilməsi, elmi-texnoloji innovasiya siyasətinin formalaşdırılması və tətbiqi mühüm məsələlərdəndir. Burada əhalinin sosial rifahının yaxşılaşdırılmasının ən yüksək həddə çatdırılmasını təmin edən yüksək texnoloji inkişafa və iqtisadiyyatın optimal strukturuna əsaslanan güclü rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması nəzərdə tutulur.
“Azərbaycanın Heydər Əliyev iqtisadi modelində nəzərdə tutulan İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorları inkişaf etdikcə mobil idarəetmə, mobil bulud, mobil hökumət, mobil nəqliyyat vasitələri və s. kimi sahələrin də inkişafına yeni imkanlar yaranacaqdır. İKT əsaslı Heydər Əliyev iqtisadi modelində yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşma istiqamətlərində Sənaye 4.0 komponentlərinin inkişafının innovasiya iqtisadiyyatına verəcəyi töhfələrin əhəmiyyətliliyi və hazırkı dövr üçün keçid tələblərinin nəzərə alınması zəruri məsələlərdəndir”, – deyə Ə.Əliyev diqqətə çatdırıb.
Şöbə müdiri bildirib ki, Azərbaycanın Heydər Əliyev iqtisadi modeli dinamik inkişafda olan, dünya iqtisadi sistemi ilə inteqrasiya olunan mütərəqqi bir iqtisadi model kimi daha dərindən tədqiq edilməli, onun prinsipləri, müddəaları, spesifikası müntəzəm olaraq araşdırılmalı və yaşadığımız günün tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir.