Heydər Əliyev irsinin öyrədilməsi dərsləri
AzerTAg.az
Bakı, 29 dekabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər keçirilib. Əvvəlcə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal və Binəqədi rayon təşkilatlarının lektoriya zallarında təşkil olunan dərslər Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dahi şəxsiyyət Heydər Əliyevin nüfuzu, onun nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar barədə danışıb. Milli Məclisin deputatı Sadiq Qurbanov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin memarı olduğu daxili və xarici siyasət kursunun layiqli davamçısıdır” mövzusunda məruzə ilə çıxış edib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bakı şəhəri 3 nömrəli tam orta məktəbin tarix müəllimi Vətən Hüseynovun “İlham Əliyev və Böyük Qayıdışa gətirən yol” mövzusunda məruzəsi dinlənilib.
Digər çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini söyləyiblər. Bildirilib ki, digər mühüm sahələr kimi aktual hesab olunan təhsil də Ulu Öndərin qayğısı və diqqəti ilə bugünkü inkişaf səviyyəsinə yüksəlib. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edilib. Dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırılıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcək.











Xəbərin mətnində orfoqrafik səhv var