SİYASƏT


Heydər Əliyev milli əfsanəyə çevrilən liderdir

Moskva, 12 dekabr, AZƏRTAC

Elə liderlər var ki, onların adı əbədi olaraq tarixdə qalır. Mənsub olduğu millətin tarixini yaradan liderlər də var. Heydər Əliyev məhz müasir Azərbaycanın tarixini yaradan liderdir. Onun adı dövrünün əsl əfsanəsi, dövlət quruculuğu kimi tarixi vəzifəni öz üzərinə götürə bilən qüdrətli dövlət başçısı, fədakar insan və nadir şəxsiyyət kimi tarixin səhifələrinə yazılıb. AZƏRTAC xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) professoru Vladimir Suxoyun bu fikirləri “Moskva-Bakı” portalı üçün yazdığı eksklüziv məqalədə yer alıb.

AZƏRTAC həmin məqaləni oxucuların diqqətinə təqdim edir.

X   X   X

-Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəlinədək olan 35 illik tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi məharəti və yüksək insani keyfiyyətləri gənc dövlətə öz dayaqlarını möhkəmləndirmək və XXI əsrə müstəqil dövlət kimi qədəm qoymaq imkanı verdi. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan naminə bütün məsuliyyəti çiyinlərində daşıyıb, öz həmfikirlərini ətrafına toplayaraq, onlarla birlikdə çətin və ciddi maneələri aşıb, hazırda müstəqil Azərbaycan adlanan qüdrətli dövləti yaradıb.

Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir...

Heydər Əliyev

Heydər Əliyev 1969-cu il iyulun 4-də Sovet Azərbaycanının rəhbəri oldu. O, respublika kommunist partiyası mərkəzi komitəsinin birinci katibi təyin edildi. “Modernləşmə” onun həmin dövrdəki fəaliyyətini dəqiq səciyyələndirən sözdür. Respublikanın rəhbəri olduqdan sonra o, uzun müddət SSRİ-nin xammal bazası və uzaq əyaləti hesab olunan Azərbaycanda dərin dəyişikliklər prosesini başlatdı. Heydər Əliyev neft və neftayırma sənayesini kökündən yenilədi və modernləşdirdi, bir sıra zavodların, müasir hidroelektrik stansiyasının, toxuculuq fabrikinin tikintisi təşəbbüsünü irəli sürdü, yüksək texnologiyalı gil-torpaq istehsalı sahəsini yaratdı. Azərbaycanda sənaye sahəsində həmin illərə aid yeni tikililərin siyahısı xeyli uzundur: “Ulduz” Elektrik Cihazları zavodu, Bakı Məişət Kondisionerləri zavodu, Şampan Şərabları zavodu, Bakı Dərin Özüllər zavodu, “Elektroterm” zavodu, Elektron Hesablayıcı Maşınlar zavodu, Sumqayıt Kompressorlar zavodu, Gəncə “Büllur” zavodu, “Azon” və “Alunit” müəssisələri, Lənkəran Konserv zavodu...Yeni müəssisələrin respublikanın bölgələrində tikilməsini də xüsusi qeyd etmək lazımdır.

Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə əvvəl mövcud olan gerilik qısa müddətdə aradan qaldırıldı və iqtisadiyyatda böyük nailiyyətlər əldə olundu. Ölkə ümumittifaq miqyasında qabaqcıl yerlərə çıxdı. Bu illər ərzində Azərbaycanın sənaye potensialı iki dəfədən çox artdı. Şəhər və kəndlərin siması dəyişdi. On beş müttəfiq respublikadan yalnız Rusiya və Azərbaycan SSRİ-nin dövlət büdcəsindən subsidiyalar almadan yaşayırdı. Heydər Əliyev ətrafındakı insanlardan özünün malik olduğu yüksək təşkilati bacarıqları – dəqiqlik, nizam-intizam, məhsuldar və səmərəli iş tələb edirdi. O, heç vaxt kabinetdən rəhbərlik etməyə üstünlük vermirdi. Heydər Əliyev tez-tez neftayırma zavodlarının sexlərində, laboratoriyalarda, limanlarda və tikinti meydançalarında olur, iş prosesləri haqqında yerində məlumat alırdı. O, öz xatirələrində həmin illəri həyatının ən yaxşı dövrü adlandırıb: “Bəzən hətta iş vaxtı qurtardıqdan sonra da evə getmirdim və oturub fikirləşir, respublikamızda vəziyyətin daha da yaxşılaşdırılması üçün yeni planlar qururdum. Götür-qoy edirdim ki, tutduğum vəzifənin imkanlarından istifadə edərək xalqım üçün hansı faydalı işləri görə bilərəm”.

1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. İlk dəfə Azərbaycanın nümayəndəsi Sovet İttifaqının rəhbərlərindən biri oldu. Heydər Əliyevin Moskvada işlədiyi dövrdə gördüyü işlərin hamısını sadalamaq çətindir. Yəqin ki, onun üçün ən əziz olan işlərdən biri Baykal-Amur magistralının tikintisi idi. O vaxt azərbaycanlılar BAM-ın demək olar ki, bütün obyektlərində işləyirdi. Azərbaycanlı inşaatçılar qəsəbələr salır, vağzal kompleksləri tikirdilər. Anqoya qəsəbəsi Heydər Əliyevin bilavasitə iştirakı ilə salınıb. Yeri gəlmişkən, o, sovet rəhbərləri arasında ilk dəfə olaraq BAM-ın bütün məsafəsini qət etmişdi. 2008-ci ildə Anqoya vağzalına Heydər Əliyevin adının verilməsi tamamilə qanunauyğundur.

1987-ci ilin oktyabrında Sov.İKP MK siyasi bürosunun yürütdüyü siyasi kursa etiraz əlaməti olaraq, Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi. Bakıya böyük sayda sovet qoşunları kontingentinin yeridilməsi və çoxsaylı insan tələfatı ilə nəticələnən 1990-cı il 20 Yanvar faciəsindən sonra o, Azərbaycan xalqına qarşı cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbi ilə çıxış etdi. O dövrdəki SSRİ rəhbərliyinin siyasətinə etiraz əlaməti olaraq, Heydər Əliyev 1991-ci ildə Sovet İttifaqı kommunist partiyasının sıralarını tərk etdi.

1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev Bakıda, sonra isə Naxçıvanda yaşadı. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. 1993-cü ilin may-iyun aylarında baş vermiş dərin hakimiyyət böhranı nəticəsində Azərbaycan vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldı. Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə qayıtması tələbi ilə çıxış etdi. O, Azərbaycan Ali Sovetinin sədri seçildi.

1993-cü il oktyabrın 3-də isə Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində müstəqil Azərbaycanın Prezidenti oldu və 1998-ci ildə yenidən bu vəzifəyə seçildi.

On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkənin xarabalıqlarında dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövləti millətinə miras qoydu. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Heydər Əliyev hakimiyyətə praqmatik və balanslaşdırılmış xarici siyasət kursu ilə gəlmişdi. Bu siyasi kurs ABŞ və Avropa İttifaqı ilə konstruktiv münasibətləri, həmçinin Türkiyə, Rusiya və İranla müdrik tərəfdaşlıq əlaqələrini ehtiva edirdi.

Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu. O, bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı.

1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” - əcnəbi neft şirkətləri ilə hasilatın pay bölgüsünə dair analoqu olmayan çoxmilyardlıq saziş imzalandı. Bu, keçmiş Sovet İttifaqı məkanında bu cür ilk və ən iri kontrakt olub. “Əsrin müqaviləsi” Azərbaycan üçün həyati əhəmiyyətə malik olub, eyni zamanda, ölkədə daxili sabitliyin bərqərar olmasında və xarici siyasətdə uğurlar qazanılmasında da həlledici rol oynayıb. Kontraktın imzalanması mərasimində Heydər Əliyev bəyan edib: “Bu müqavilənin hazırlanmasında və imzalanmasında iştirak etdiyim üçün özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti yaxşı dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcək”.

Bakı-Tbilisi-Ceyhan layihəsinin təşəbbüskarı olan Heydər Əliyev Azərbaycana böyük məbləğlərdə Qərb sərmayəsi cəlb etdi və bunun nəticəsində yeni iş yerləri açıldı, bir neçə yataqların inkişafına nail olundu. Heydər Əliyev Azərbaycanın postsovet məkanında ən yüksək səviyyədə görünməmiş iqtisadi inkişafını təmin etdi.

Bununla yanaşı, Heydər Əliyev 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın hazırlanması təşəbbüsü ilə çıxış etdi. “...Bu Konstitusiyanın maddələrinə əməl edərək, xalqımız Azərbaycan Respublikasının müstəqilliyini əbədiləşdirəcək. Bizim vəzifəmiz Konstitusiyanın verdiyi təminatlardan, qanunvericilik əsaslarından səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət qurmaq, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməkdir”, -deyə Heydər Əliyev vurğulayırdı.

Heydər Əliyevin “Azərbaycan xalqı” məfhumu ilə zənginləşdirdiyi fəlsəfə müstəqil Azərbaycanın müasir dünyada yerini müəyyən etdi, milli dövlətçiliyin ideoloji əsası kimi azərbaycanlıların möhkəm həmrəyliyinin əsasını qoydu. O deyirdi: “Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Heydər Əliyev öz ölkəsini və onun tarixini qəlbən sevirdi. O, tarixi yaxşı bilirdi və başa düşürdü ki, təkcə tarixi hadisələr deyil, müasir dövrdə baş verənlər də əhəmiyyətlidir, çünki gələcək nəsillər tariximizin bütün mərhələlərini qiymətləndirəcək. Heydər Əliyev çox gözəl bilirdi ki, iqtisadi inkişafla yanaşı, müstəqilliyin əsas amillərindən biri də mədəniyyətdir. Prezident Azərbaycanın mədəni irsini dəstəkləyir və haqlı olaraq hesab edirdi ki, məhz bu amil ölkənin milli kimliyinin bünövrəsini təşkil edir. Milli kimlik hissinin qüvvətli olması millətə hətta ətrafdakı siyasi güclərin təzyiqinə məruz qaldığında və varlığına təhlükə yarandığında belə, birləşmək imkanı verir.

Həyatın bütün sahələrində səmərəli və məqsədyönlü fəaliyyətlə yanaşı, Heydər Əliyev ölkədə təhsilin səviyyəsinin yüksəlməsinə də böyük diqqət yetirirdi. Böyüməkdə olan nəslin təlim-tərbiyəsi həmişə uzaqgörən liderin dövlət proqramının əsas müddəalarından biri olub.

Söz onun ən güclü silahı olub. Heydər Əliyev sözdən həm natiq, həm diplomat, həm də incə psixoloq kimi istifadə edirdi. Onun sözləri tələffüz tərzi ən yüksək incəsənət səviyyəsində olurdu. Heydər Əliyev özünün parlaq natiqlik istedadını müxtəlif yerlərdə etdiyi bütün çıxışlarında büruzə verirdi. İnamlı və dəqiq nitq söyləyirdi. Məhz onun sözləri həyatı, tarixi dəyişən amil oldu. Xalqla ünsiyyət zamanı deyilənlərin hər bir vətəndaş tərəfindən məhz ona ünvanlanmış müraciət kimi qəbul edilməsinə nail olmaq hər siyasətçiyə müyəssər olmur. Bu, ona məxsus olan xüsusiyyət idi. Eyni zamanda, Heydər Əliyevdə həmsöhbətinin əhval-ruhiyyəsində ən kiçik nüansları belə dəqiqliklə sezmək kimi heyrətamiz bacarıq, buna əlavə olaraq, hər bir kəsin ağrı-acısına və həyəcanına nüfuz etmək üçün çox böyük daxili mərifət hisslərinin ona bəxş etdiyi qabiliyyət vardı. Ona məxsus olan daha bir mənəvi keyfiyyət – yüksək intuisiya sayəsində dahi siyasətçi Azərbaycan xalqı üçün ən taleyüklü məqamlarda son dərəcə düzgün qərarlar qəbul edə bilirdi.

İstedad və güclü iradə Heydər Əliyev şəxsiyyətinin əsas məziyyətləri idi. Onda ilk növbədə özünə qarşı yüksək təşkilatçılıq və tələbkarlıq vardı. Heydər Əliyev hər bir insanı, geniş kontekstdə “xalq” və “millət” məfhumunun birləşdirdiyi fərdlərin istəklərini dinləmək və başa düşmək bacarığına malik idi. Böyük siyasətçinin peyğəmbərcəsinə uzaqgörənliyi və sərkərdə hünərinin vəhdəti onun şəxsi keyfiyyətlərinin mühüm cəhəti idi. Dərin savad və təbiətin bəxş etdiyi incə estetik hissləri də bura əlavə etmək lazımdır. Alicənab və ədavətsiz insan olan Heydər Əliyev bilmədən səhvə yol verən insanları bağışlayır, lakin nadan, öz mənfəətini güdən və fərsizlərə güzəşt etmirdi. Bir siyasətçi kimi o, demokratizmi sərt tələblərlə bir araya sığdıra bilirdi.

Heydər Əliyevin zəngin siyasi təcrübəsi və şəxsiyyətinin miqyası ona imkan verirdi ki, ölkənin qarşılaşdığı bir çox böhranlı vəziyyətlərdən öz xalqını uğurla çıxarsın. O, başqalarını ruhlandırmaq bacarığına malik idi və adama elə gəlirdi ki, Prezident məhz özünün unikal xarizması sayəsində ölkəni idarə edir. Heydər Əliyev güclü siyasətçi üçün vacib olan fenomenal şəxsi keyfiyyətlərə – nadir rast gəlinən yaddaş, qüvvətli arqument və insanları, o cümlədən rəqiblərinin öz düşərgəsinə cəlb etmək bacarığına malik idi. Onun zəhmi hər yerdə hiss olunur, xarizması isə dövrünün bir çox dahi intellektual insanlarını cəzb edirdi.

Heydər Əliyev necə insan idi? O, hər şeydən əvvəl, yüksək ziyalı idi. Özünəinam hissi, yüksək ləyaqəti və eyni zamanda, çox az adamlara xas olan heyrətamiz sadəliyi onun əsas məziyyətləridir.

Tale elə gətirib ki, Heydər Əliyev mənim 1986-cı ildə ABŞ-a ilk jurnalist ezamiyyətimə xeyir-dua verib. Mən onun səmimiliyinin və hər şeydən yaxşı məlumatı olduğunun, öz fikirlərini necə dəqiq ifadə etdiyinin şahidi oldum. Heydər Əliyev instinktiv olaraq jurnalistikanın əhəmiyyətini izah edir, amerikanistika barədə özünəməxsus tərzdə mülahizələr yürüdürdü.

…O, xeyir-duaları ilə məni müxbir işləmək üçün Nyu-Yorka göndərib, mən isə, elə alındı ki, 2003-cü ildə Klivlend aeroportunda Heydər Əliyevin tabutunu yola saldım. Tabut dekabrın 14-də Bakıya göndərilirdi. Həmin il dekabrın 12-də səhər saat 10-da Heydər Əliyev Ohayo ştatındakı Klivlend Kardioloji Mərkəzində vəfat edib. Azərbaycan Prezidentini avqustun əvvəlində Rusiya FHN-nin təyyarəsi ilə ağır xəstə vəziyyətdə oraya gətirmişdilər. Amerikan həkimləri Heydər Əliyevin xəstəlik tarixçəsini yaxşı bilirdilər, bundan əvvəl həmin mərkəzdə onu uğurlu əməliyyat etmişdilər. O vaxt Birləşmiş Ştatlarda işləyən Rusiya müxbirləri Heydər Əliyevin yenidən xəstəliyə qalib gələcəyinə və sağalacağına böyük ümidlər bəsləyirdilər. Əfsuslar olsun ki, belə olmadı.

Mən uzun müddət, təyyarə üfüqdə titrəyən nöqtə kimi görünənədək gözümü səmadan ayırmadım. Heydər Əliyev doğma Azərbaycana, Bakının Fəxri xiyabanına son mənzilə yola düşürdü...

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.