“Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” – elmi konfrans
AzerTAg.az
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” və Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Əvvəlcə Şamaxı Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
“Ulu Öndər və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.
Filialın direktoru dosent Tünzalə Yusifova Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Zəfər çalan gənclərimizin göstərdiyi şücaətdən bəhs edib. O, həmçinin qeyd edib ki, bizim gələcəyimiz bu gün gənclərə verilən təhsildən asılıdır. Regionun yeganə ali təhsil müəssisəsi olaraq ADPU-nun Şamaxı filialı da üzərinə düşən bu vəzifəni uğurla yerinə yetirməyə hər zaman səy göstərir. Bunun nəticəsidir ki, bu gün məzunlarımız Azərbaycanı bir çox sahələrdə uğurla təmsil edirlər.
Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova Gənclər Gününün tarixindən və Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının müdiri dosent Mayıl Alıcanov “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”, Vətən müharibəsi qazisi Nazim Muradov “Zəfər tarixini yazan Azərbaycan gəncliyi”, Mirzə Ələkbər Sabirin ev-muzeyinin direktoru Rəqsanə Xəlilzadə "Əbədiyaşar lider Heydər Əliyev", filialın Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Teymurova “Heydər Əliyevin Azərbaycan elminə və gənc tədqiqatçılara qayğısı”, tələbə Nuranə Mirzəyevə “Gənclər siyasəti dövlətin prioritet məsələlərindəndir” mövzularında çıxış ediblər.
Sonda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Narınc Cəbrayılova “Adına Öndər dedik” şeirini söyləyib.




Xəbərin mətnində orfoqrafik səhv var