REGİONLAR
Heydər Əliyev müasir Azərbaycanın banisi, gənclərin ilham mənbəyidir
Tərtər, 6 may, AZƏRTAC
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hər bir gənc üçün fəxr və qürur mənbəyidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Tərtər rayon Gənclər və İdman idarəsi və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev müasir Azərbaycanın banisi, gənclərin ilham mənbəyidir” adlı dəyirmi masada səsləndirilib. Pandemiya dövrünün tələblərinə uyğun keçirilən tədbirdə rayonun idarə-müəssisə və təşkilatlarının fəal gəncləri iştirak edib.
Əvvəlcə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə, Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə, Umudlu kənd tam orta məktəbin müəllimi Mirvari Ələkbərli, Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimi Fuad Xanlarov və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyətindən, dahi rəhbərin təhsil, mədəniyyət, tibb, gənclər və idman sahələrinə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Dahi şəxsiyyət" adlı film nümayiş etdirilib.