SİYASƏT
Heydər Əliyev müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub
Bakı, 12 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub.
Ulu Öndərin vəfatının 11-ci ildönümü günü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn Müdafiə Sənayesi Nazirliyinin “Aqreqat” İstehsalat Birliyinin nümayəndəsi Məzahir Qasımov AZƏRTAC-a bildirib ki, dahi siyasətçinin həyat yolu, xeyirxah əməlləri xalqımızın yaddaşına əbədi həkk olunub. Çünki o, Azərbaycanın ən ağır, məşəqqətli günlərində xilaskar kimi köməyə gəlib, canından artıq sevdiyi doğma xalqına dünya birliyində layiqli yer tutan, möhkəm dövlətçilik təsisatları olan, iqtisadi cəhətdən qüdrətli və dayanıqlı müstəqil bir dövlət bəxş edib. Ümummilli Liderin genişmiqyaslı fəaliyyəti ilə bağlı olan 30 ildən artıq bir dövr böyük quruculuq və milli dirçəliş illəri kimi Azərbaycan tarixinə əbədi yazılıb.
Bildirilib ki, Heydər Əliyev, sözün əsl mənasında, Vətənin böyük oğlu, lideri, bənzərsiz dövlət xadimi idi. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı. Azərbaycanın bir dövlət kimi siyasətini, iqtisadiyyatını, mədəniyyətini, elmini, təhsilini dünya standartları səviyyəsinə qaldırdı, respublikamıza rəhbərlik etdiyi dövrdə Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa qoymadı. Bir sözlə, Heydər Əliyevin xidmətlərini sadalamaqla qurtarmaq olmaz. Bu böyük şəxsiyyət daim bizim qəlbimizdə yaşayacaq.