REGİONLAR
Heydər Əliyev müasir tariximizin şanlı və parlaq salnaməsini yaradıb
Beyləqan, 14 iyul, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu il iyulun 14-ü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin şanlı və parlaq salnaməsini yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümü münasibətilə “Unudulmaz böyük tarixi şəxsiyyət” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib. Beyləqan rayon ümumtəhsil məktəblərinin şagirdlərinin, Heydər Əliyev Mərkəzinin könüllü gənclərinin iştirak etdiyi tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Vətənə və xalqa həsr etdiyi mənalı ömür yolundan, Azərbaycanın inkişafı üçün göstərdiyi müstəsna xidmətlərdən bəhs edilib. Bildirilib ki, zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.