CƏMİYYƏT
Heydər Əliyev ölkəmizin beynəlxalq arenada tanınmasının əsasını qoyan müdrik siyasətçidir
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqı bilir ki, uzaqgörən siyasətçi ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra dövlətimiz müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Heç təsadüfi deyil ki, bugünkü güclü və müasir Azərbaycan məhz bu dahi şəxsiyyətin əsəridir. Xalqımız yaşadıqca, dövlətimiz var olduqca Ümummilli Liderin xidmətləri heç zaman unudulmayacaq. Çünki, o, xalqımızın xilaskarı, dövlətimizin memarı olmaqla yanaşı, ölkəmizin beynəlxalq arenada tanınmasının əsasını qoyan müdrik siyasətçidir.
Bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov AZƏRTAC-a müsahibəsində bildirib.
O, həmçinin deyib: “Hər il xalqımız Ümummilli Liderin məzarını ziyarət edir, dahi şəxsiyyətə öz ehtiramlarını bildirirlər. Ağcabədi Regional Mədəniyyət İdarəsinin Bakı şəhərində fəaliyyət göstərən Ağdam və Laçın rayonunun məcburi köçkün mədəniyyət müəssisələrinin əməkdaşları da bu gün öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün Fəxri xiyabana gəliblər. Lakin biz ilboyu Heydər Əliyev irsinin, ideologiyalarının təbliğində ən fəal müəssisələrdən biriyik. Ulu Öndərin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün güclü ordu və iqtisadiyyat nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Heç şübhəsiz ki, Heydər Əliyev ideologiyaları yaşadıqca, Azərbaycan dövləti öz inkişafını davam etdirəcək. Ümummilli Lider demişkən: “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir”. İnanıram ki, Heydər Əliyev ideologiyası ilə böyüyən Azərbaycan gəncliyi də dövlətimizin qorunub gələcək nəsillərə çatdırılmasına öz töhfələrini verəcək”.