İQTİSADİYYAT


Heydər Əliyev prospektində asfaltlanma işləri 100 min kvadratmetrə yaxın sahəni əhatə edib VİDEO

Bakı, 8 may, AZƏRTAC

Heydər Əliyev prospektində asfaltlanma işləri 100 min kvadratmetrə yaxın sahəni əhatə edib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən agentlik tərəfindən Heydər Əliyev prospektinin bir hissəsində təmir-tikinti işləri aparılıb. Söhbət prospektin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək olan hissəsindən gedir. Təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2,1 kilometr, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edib.

Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi. Təmir-tikinti işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 100 min kvadratmetrə yaxın sahəni əhatə edib.

Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcının da yenidən qurulması istiqamətində addımlar atılıb. Bu məqsədlə yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb. Yol ayrıcının kənarlarına 4 min 200 poqonmetr yeni səki daşları düzülür, üstünə isə 6400 kvadratmetr sahəyə tamet daşları döşənib.

Avtonəqliyyat vasitələrinin norma hərəkətini təmin etmək məqsədilə prospektin sözügedən hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin iştirakı ilə yol-cizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

Təmir-tikinti işləri tikinti norma və standartlarına uyğun şəkildə, texnoloji ardıcıllığa riayət edilməklə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.