ELM VƏ TƏHSİL


Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiram

Bakı, 7 may, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universitetində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, rektor İlham Mədətov ali təhsil müəssisəsində təşkil olunan tədbirin Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiramdan qaynaqlandığını deyib.

Diqqətə çatdırıb ki, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqını qazanmış ulu öndər Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifidir. Görkəmli dövlət xadimi Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təsdiqləyib. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır.

İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev bildirib ki, Ulu Öndərin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən həmin dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifə tutan ümummilli lider Heydər Əliyev Kreml rejiminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyil. Dahi rəhbər Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Ulu öndər Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşayıb, nəhəng sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz Vətəni üçün çıxış yolları axtarıb, zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf edib.

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı dünya şöhrətli siyasətçi Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Ümummilli Liderin rəhbərliyi ilə hər zaman ölkəmizdə bütün sahələr üzrə köklü islahatlara təkan verildiyini, xalqın və dövlətin gələcəyinə xüsusi diqqət yetirildiyini deyib. Qeyd edib ki, Ulu Öndərin təşəbbüsü və dəstəyi ilə ötən əsrin 70-80-ci illərində yüzlərlə gənc təhsil almaq üçün xaricə göndərilib.

Sonra tələbələr ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndiriblər. Görkəmli dövlət xadimi Heydər Əliyevə həsr edilən inşa yazısının qalibi olan tələbələrə sertifikat və hədiyyələr verilib.

ATMU-da Ulu Öndərin xatirəsinə həsr olunan tədbirlər çərçivəsində mayın 11-dək tələbələrin əl işlərindən ibarət sərginin nümayişi və idman yarışlarının keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.