REGİONLAR
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var
Şəki, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri və rolu var. Ümummilli Lider öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən “Heydər Əliyevin tarixləşmiş şərəfli ömür yolu” mövzusunda elmi-nəzəri konfransda səsləndirilib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, universitet filialı və Şəki şəhər 7 saylı tam orta məktəbin birgə təşkil etdikləri konfransın əvvəlində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransda çıxış edən filialın direktoru Rafiq Rəsulov ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolundan danışıb, onun çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunub.
Filialın elmi işlər üzrə direktor müavini Nuralı Çələbiyevin “Heydər Əliyev və davamlı inkişaf strategiyası” mövzusunda məruzəsində Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi və digər məsələlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda makroiqtisadi sabitliyin yaradılmasında, iqtisadiyyatda bazar münasibətlərinin təşəkkül tapmasında, dünya iqtisadiyyatına inteqrasiyada, xarici investorların ölkəyə cəlb edilməsində, beynəlxalq iqtisadi layihələrdə iştirakın təmin olunmasında, nəhayət, milli neft strategiyasının yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu və xidmətləri olub.
Konfransda, həmçinin “Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev və Azərbaycanda təhsil islahatları”, “Azərbaycanın dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin təşəkkülü” mövzularında məruzə və çıxışlar dinlənilib.
Tədbirin sonunda filialın tələbələri və şəhər 7 saylı tam orta məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.