REGİONLAR
Heydər Əliyev siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır
Naxçıvan, 8 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatı, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatı ilə birgə Naxçıvan Dövlət Universitetində (NDU) “Heydər Əliyev siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda elmi konfrans olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə əvvəlcə universitetin İncəsənət fakültəsində nümayiş olunan sərgiyə baxış keçirilib. Sonra Ulu Öndərlə bağlı videoçarx göstərilib.
NDU-nun rektoru Elbrus İsayev bildirib ki, müstəqil Azərbaycan dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir. Heydər Əliyev siyasətinə sədaqətin, qətiyyətli və məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu bizə qələbə sevincini yaşatdı.
Rektor nəinki regionda, hətta dünya universitetləri ilə bir sırada addımlayan NDU-nun da Ulu Öndərin qurub-yaratdığı təhsil strategiyasının bəhrəsi, muxtar respublika ali təhsilinə verilən töhfə kimi dəyərləndirib, gəncləri Ümummilli Liderin siyasi irsini daim öyrənməyi tövsiyə edib.
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, müasir Azərbaycan dövlətinin yaradılması, müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətidir.
Vurğulanıb ki, 2005-ci ilin mart ayında partiyanın III qurultayında YAP-a sədr seçilən Prezidentimiz İlham Əliyev bu gün Heydər Əliyev siyasi xəttini uğurla davam etdirir. Hazırda 760 mindən artıq həmfikri özündə birləşdirən partiya xalq, dövlət qarşısındakı xidmətlərini daha da möhkəmləndirir.
Tədbirdə YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət ideyası”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtibar İsmayılov “Ümummilli lider Heydər Əliyevin Naxçıvan dövrü (1990-1993-cü illər)”, YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev “Zamanın fövqündə dayanan lider” mövzusunda çıxış ediblər.
YAP sıralarına yeni üzv qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunduqdan sonra tədbir İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, muxtar respublikanın rayon partiya təşkilatları tədbirə onlayn platforma üzərindən qatılıblar.