MƏDƏNİYYƏT
Heydər Əliyev təqaüdü gənclərə təqdim olunub
Daşkənd, 12 may, АZƏRTAC
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə Heydər Əliyev təqaüdünü təqdim edib.
Təqaüd 2016-cı ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin təbliği məqsədilə təsis olunub.
Bu il təqaüdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin iki tələbəsi - Şaxnoza İsmatova və Tatyana Abbasova layiq görülüblər.
Təqaüdü tələbələrə AMM-nin direktoru Samir Abbasov təqdim edib.
Samir Abbasov tələbələrlə görüş zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, onun elmə, təhsilə verdiyi töhfələrdən danışıb. O, qeyd edib ki, Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğısı nəticəsində onların bir qismi dünyanın aparıcı universitetlərdə təhsil alıb.
Şaxnoza İsmatova və Tatyana Abbasova AMM-nə təşəkkürlərini bildirib, gələcək fəaliyyətlərini Azərbaycan və ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliğinə həsr edəcəklərini vurğulayıblar.
Qeyd edək ki, ötən il bu təqaüdə Özbəkistandakı Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin iki tələbəsi layiq görülmüşdü.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd