CƏMİYYƏT
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə baş tutub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb.
ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Ulu Öndərin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, Ümummilli Liderin nəsillərə örnək olan təkrarolunmaz fəaliyyəti barədə tələbələrə məlumat verib. Ulu Öndərin gənclərə tövsiyələrini xatırladan professor, onun 1969-cu ildən başlayaraq tələbə qəbulu zamanı yol verilən neqativ halların aradan qaldırılması, şəffaflığın təminatı üçün çox ciddi tədbirlər gördüyünü xüsusi vurğulayıb . Bildirib ki, gənclərimizin Azərbaycanda ehtiyac olan ixtisaslar üzrə keçmiş SSRİ məkanında yüksək təhsil alaraq peşəkar kadrlar kimi Vətənə qayıtması Ulu Öndərin adı ilə bağlıdır.
S.Əliyev azərbaycançılıq ideologiyasını daim önə çəkən Ümummilli Liderin dilimizin dövlət dili statusu qazanması, milli mənəvi dəyərlərimizin qorunması, müstəqilliyimizin yenidən bərpası və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Professor ATU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi və universitet klinikalarının yaradılmasında da Ulu Öndərin xüsusi diqqət və qayğısı sayəsində mümkün olmduğunu vurğulayıb.
Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müşaviri Hüseyn Babayev Ulu Öndər tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışıb. Bildirib ki, bütün ali təhsil müəssisələrində və kolleclərdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları maarifləndirici layihələr, olimpiadalar, idman yarışları, sağlam həyat tərzinin təbliğinə aid seminarlar və təlimlər keçirirlər. H.Babayev əldə edilən bu nailiyyətləri ölkədə hökm sürən sabitliyin, Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirilməsinin nəticəsi kimi dəyərləndirib.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin çıxışlarından fraqmentlərdən ibarət videoçarx nümayiş olunub.