ELM VƏ TƏHSİL
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinə yekun vurulub
Bakı, 11 aprel, AZƏRTAC
Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinə yekun vurulub.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə müsabiqənin şərtlərinə uyğun beş mövzu üzrə məktəblilərin hazırladıqları sərgi ilə tanış olublar.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək Azərbaycan xalqı və gəncliyinin ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətindən danışıb.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunu, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbini, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərini birləşdirir.
Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilib. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 70-dən çox elmi işdən seçilmiş 10 ən yaxşı referat təqdim edilib.
Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə, müsabiqənin keçirilməsində yaxından iştirak edən tarix müəllimlərinə fəxri fərmanlar təqdim olunub. Müsabiqədə fəal iştirak edən məktəblilərə isə təşəkkürnamələr verilib.