HEYDƏR ƏLİYEV - 100


Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi

Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi

Bakı, 4 fevral, AZƏRTAC

Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə azərbaycanlı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirib. Nəzərə alsaq ki, çar Rusiyası türk xalqlarının hərbi vətənpərvərlik hissini məhv etmək üçün azərbaycanlı gənclərin hərbi xidmətə çağırılmasını rüsum ödəməklə əvəz edib, xalqımızın hərb tarixini unutdurmağa çalışıblar. Bu baxımdan gələcəyə köklənmiş uzaqgörən işlər sırasında Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması mühüm əhəmiyyətə malikdir. Maarif Nazirliyi və respublika hərbi komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırlayır. Bu müraciət dərhal müzakirə olunur və 1971-ci il iyulun 20-də “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərar qəbul edir. Məktəbin açılışı 1971-ci ilin noyabr ayında baş tutub. Heydər Əliyev təntənəli mərasimdə iştirak edərək bildirmişdi ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verilir. Arxiv materialları içərisində C.Naxçıvanskinin adının əbədiləşdirilməsi haqqında Mərkəzi büronun qərarı bu faktı təsdiq edir. Heydər Əliyev hələ 3 il idi ki, respublikaya rəhbərlik edirdi. Azərbaycanlı gənclərin hərbi təhsil alması məsələsinin vacibliyi onu təxirəsalmaz işlər görməyə vadar etmişdi. Bu, onu göstərir ki, Heydər Əliyev Azərbaycan tarixini gözəl bilir və imperiya dövründə xalqımızın hərb sənətinin unutdurulması məsələsinin hansı nəticələr verəcəyini görürdü. Əsası 70-ci illərin əvvəlində qoyulmuş hərbi məktəbin səmərəli nəticələri 30-40 il sonra Azərbaycan ordusunun tam formalaşması ilə özünü göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Leyla Hüseynova deyib. Onun sözlərinə görə, hərbi vətənpərvərlik tərbiyəsini gücləndirməyin bir istiqaməti də Azərbaycan tarixinin öyrədilməsidir: “70-ci illərdə müttəfiq respublikaların elmlər akademiyaları tarix institutlarının əksəriyyəti öz xalqlarının çoxcildlik tarixini hazırlamağı planlaşdırmışdılar. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti də “Azərbaycan tarixi”nin (9 cilddə) yazılması qərarı ilə Baş redaksiya şurası yaratmışdı, cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətə başlamışdılar. Bu təşəbbüs “ideoloji rəhbərliyi”, xüsusən Mərkəzi Komitənin katibi M.A.Suslovu çox narahat etmişdi. Hətta Sov.İKP Mərkəzi Komitəsində bu məsələ respublika rəhbərlərinin və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın fərdi “çoxcildlik” tarixinin əvəzinə regionlar (zonalar) üzrə birgə kitabın yazılması məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə çoxcildlik tarixin yazılması ləngidildi. Ancaq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin və Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi D.Ə.Kunayevin Moskvaya məktubları sayəsində işə yenidən başlanıldı.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu ikinci dövrdə də hərbi vətənpərvərlik işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirib. O, dəfələrlə hərbi hissələrdə, ön cəbhədə Silahlı Qüvvələrin heyəti ilə görüşüb, problemlərlə yerində tanış olub. Heydər Əliyev hərbi sahənin gücləndirilməsi işi ilə yanaşı, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərini də əsas vəzifə hesab edirdi. Ulu Öndər çıxışlarının birində Vətən təəssübkeşliyinin müqəddəsliyini vurğulayaraq bu ifadəni işlətmişdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Leyla Hüseynova bildirib ki, 1994-cü ildə Azərbaycan Respublikası ərazisinə Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar güclü ordu yaratmaq üçün bütün qüvvələrin səfərbərliyə alınması vəzifələrinə həsr olunmuş müşavirədə Prezident Heydər Əliyev özəl universitetlərdə təhsil alan gənclərin hərbi xidmətə cəlb olunması məsələsini qaldırdı: “Çox keçmədən gənclərin hərbi təhsili zənginləşdirildi, maddi-texniki baza gücləndirildi. Azərbaycan Milli Ordusunun yaradılmasının 80 və 85 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirləri keçirildi. Bu tədbirlərin keçirilməsi milli qürur, milli qeyrət hissinin aşılanması baxımından əhəmiyyətə malikdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında respublikamızda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Çıxışında konseptual məsələlərdən bəhs edən Ulu Öndər Azərbaycanın hərb tarixindən də bəhs etmiş və dünya azərbaycanlılarının ümumi amal üçün səfərbər edilməsi, xaricdə yaşayan gənclərin də Qarabağ uğrunda fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub. Dünya azərbaycanlılarının təşkilatlanması məsələsi də vətənpərvərlik siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Heydər Əliyevin məqsədyönlü siyasəti öz əməli nəticəsini 2020-ci ildə 44 günlük Vətən müharibəsində göstərdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna cəbhə boyu əks-hücum haqqında əmr verdi. Bu qərarı nəinki Azərbaycan Respublikasının on milyonluq vətəndaşları, bütün dünyaya səpələnmiş bütöv Azərbaycan xalqı dəstəklədi. İstər hərb meydanında, istər informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalqın, ordunun birliyi fonunda mühüm qələbələrə imza atıldı. Qələbələrin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu. Tarixi memarlıq ansamblı dağıntılara məruz qalmadan Şuşa azad edildi. Şuşanın azad edilməsi qısa zaman çərçivəsində beynəlxalq hərbi ekspertlər, siyasi xadimlər tərəfindən təhlil edildi. Təbii ki, bu həssas yanaşmanı, duyarlılığı yalnız bu diyarın - Qarabağın, Şuşanın əsl sahibləri, əsl sakinləri edə bilərdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.