CƏMİYYƏT


“Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məşğələ keçirilib

Bakı,22 iyun, AZƏRTAC

Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib. Xalqımızın tarixinə, Azərbaycan dilinə və onun qorunmasına, inkişafına diqqət və qayğının köklərini bu yanaşmada axtarmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının nəzdində yaradılan, "Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik" adlı siyasi məktəbin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən növbəti məşğələsində təşkilatın sədri Muxtar Nağıyev ifadə edib.

M.Nağıyev ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə iki müxtəlif sosial-iqtisadi baxışın vəhdətindən yanaşmağın zəruriliyini qeyd edib. Bu zərurətin Heydər Əliyev dühasının dərinliklərinə baş vurmaq üçün lazım olduğunu bildirən Muxtar Nağıyev Ümummilli Liderin istər birinci, istərsə də ikinci dəfə Azərbaycanın siyasi rəhbəri olarkən fəaliyyətinin ana xəttini təşkil edən tarixi faktlardan söhbət açıb. Ulu Öndərin rəhbərlik etdiyi sosialist Azərbaycanın ana qanununda - Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olmasını şərtləndirən maddənin salınmasını ürəyində xalqına və onun dilinə sönməz məhəbbət olan şəxsiyyət nail ola bilərdi.

Muxtar Nağıyev əminliyini ifadə edib ki, YAP Səbail təşkilatının nəzdində yaradılan "Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik" məktəbin müdavimlərinin şahidi olmadığı, lakin müvafiq ədəbiyyat nümunələrindən öyrənə biləcəyi belə tarixi faktlar çoxdur. Ümummilli Liderimizin xalqına, Vətəninə böyük sevgisinin tarixi günlərdə, 44 günlük müharibənin gedişatında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın Şuşa şəhərinin azad edilməsi ilə bağlı xalqa müraciətində bir daha şahidi olduq. Təkcə Azərbaycan xalqı deyil, bütün dünya Ümummilli Liderin Şuşanın, Qarabağın taleyi ilə bağlı oğluna vəsiyyətini bir daha eşitdi.

Sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, “91-lər”in nümayəndələrindən olan Səyyad Salahlı Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi vaxtlarda Ulu Öndərin milli-mənəvi dəyərlərə, onların qorunmasına göstərdiyi diqqətdən söz açıb: “Dahi rəhbər “Kitabi- Dədə Qorqud dastanları”nın ona görə ekranlaşdırılmasını istəyirdi ki, total sovet ideologiyasının basqısı altında belə, xalq haradan gəldiyini bilsin”. Dilimizə Heydər Əliyev qayğısını təsdiq edən faktlardan birinin ötən əsrin 70-ci illərində çap edilən “Müasir Azərbaycan dili” dərsliyinin Dövlət mükafatına layiq görülməsini, Ulu Öndərin yaradıcı ədəbiyyat və incəsənət adamlarından gəncliyimiz üçün yararlı əsərlər gözlədiyini dilə gətirdiyini yada salan Səyyad Salahlı böyük şəxsiyyəti dərindən öyrənməyə səslədi.

"Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik" məktəbinin növbəti məşğələsi maraqlı sual-cavabla yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.