SİYASƏT
Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir VİDEO
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 10-cu ildönümü Səbail rayonunda da qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, müasir Azərbaycan tarixindəki yeri və rolu haqqında geniş məruzə etmişdir. Bildirilmişdir ki, qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Azərbaycanın özü qədər əbədi olan Ulu Öndər hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir və ehtiramla anılır. Xalqın inkişafı üçün onun başlatdığı siyasət bu gün uğurla davam etdirilir.
Azərbaycan xalqı fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi taleyi görkəmli siyasi xadim Heydər Əliyevin adı və yaratdığı ideyalarla bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb bir dövrdə xalqına arxa olan Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən, mövqeyini müdafiə etmək qüdrətinə malik olan dövlətə çevrilmişdir. Dünyanın tanınmış siyasi xadimləri bu fenomenal zəka sahibinin dəyərli irsini örnək kimi qəbul etmişlər.
Natiq qeyd etmişdir ki, illər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz yerini daha dərindən dərk edir, onun siyasi əzəməti, beynəlxalq nüfuzu barəsində fikir yürütməyə mənəvi ehtiyac duyuruq.
XX əsrin 90-cı illərində Azərbaycanın qət etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixin obyektiv həqiqətinə çevrilmişdirsə, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Ümummilli Liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətin parlaq təzahürüdür.
Sonra mərasim bədi hissə ilə davam etmişdir.
Daha sonra rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsindəki “Bəyoğlu” sarayında ehsan süfrəsi açılmışdır. İştirakçılar ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəs edən sənədli filmə baxmışlar.
Tədbirdə Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak etmişlər.