CƏMİYYƏT


Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizin həyatında yeni dövrün başlanğıcıdır

Bakı, 11 iyul, AZƏRTAC

Onu əbəs yerə xilaskar adlandırmırlar. Tale sanki onu xalqımızın ən ağır və çətin vaxtlarında düşdüyü vəziyyətdən çıxarmağa qabil olan bir lider kimi bizə bəxş etmişdi. O, bu missiyanı çox böyük ləyaqətlə və şərəflə yerinə yetirdi.

AZƏRTAC xəbər verir ki, Bakı 2 nömrəli Tibb Kollecinin müəllimi Gülər Quluzadə xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlməsini ölkəmizin həyatında yeni bir dövrün başlanğıcı kimi səciyyələndirib. O deyib ki, doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq sürdüyü mürəkkəb tarixi şəraitdə iqtisadi və sosial həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Məhz həmin vaxtdan respublikamız köklü islahatlar və inkişaf yoluna qədəm qoydu. Nəticədə ən geridə qalmış respublikadan ən qabaqcıllar sırasına qalxan və sürətli inkişaf yolu seçən Azərbaycan keçmiş ittifaqın iki donor ölkəsindən birinə çevrildi. Həmin illərdə sənaye və kənd təsərrüfatının sürətlə inkişafı təmin olundu, yüngül və ağır sənaye, neft sənayesində böyük işlər görüldü. Nəhəng infrastruktur layihələri həyata vəsiqə aldı. Sonralar müstəqilliyə qovuşan Azərbaycan həmin bünövrənin üstündə inkişaf və tərəqqi yoluna qədəm qoydu.

Gülər Quluzadə bildirib ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikası, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Bütün ölkədə misilsiz abadlıq və quruculuq işləri aparıldı. Tarixən qısa bir dövr ərzində bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri öz qapılarını xalqın üzünə açdı, 213 sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovetlər İttifaqında aparıcı yerlərdən birinə çıxdı. Məsələn, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmin illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Azərbaycan nəhəng bir tikinti meydançasını xatırladırdı. Bakının və rayonların siması tanınmaz dərəcədə dəyişirdi. Paytaxt və bölgələrə gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binası, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları inşa olundu. İqtisadiyyatın əsasını təşkil edən fabrik, zavod, nəhəng sənaye obyektləri, iri istehsal müəssisələri, su anbarları, dəryaçalar, su kəmərləri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar Heydər Əliyev zəkasının və yorulmaz fəaliyyətinin, onun bütün varlığına hopmuş vətən sevgisinin nəticəsi idi.

Tibb Kollecinin müəllimi qeyd edib ki, Ulu Öndərin hakimiyyətə gəlişinin birinci dönəmini xarakterizə edən mühüm tarixi nailiyyətlərdən biri də milli dəyərlərə çox böyük önəm verilməsidir. Həmin illərdə xalqımızın görkəmli elm və sənət adamlarına heykəllər, abidələr ucaldıldı. Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Azərbaycanın yüksəlişinin bünövrəsi qoyuldu.

Dahi şəxsiyyətin təhsil sahəsinə göstərdiyi diqqəti ayrıca qeyd etmək lazımdır. Ölkəmizdə təhsil şəbəkəsinin genişləndirilməsi məhz onun adı ilə bağlıdır. SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə üz tuturdu. Ölkənin gələcəyinə hesablanmış bütün strateji məsələlər Ulu Öndərin diqqət mərkəzində idi. Heydər Əliyev ömrü daim xalq üçün yaşamaq simvoluna çevrildi. Ona görə də xalqımız öz dahi və müdrik rəhbərinin xatirəsini həmişə əziz tutur və onun şah əsəri olan müstəqil Azərbaycanın daha da çiçəklənib inkişaf etməsi yolunda gördüyü işləri daim xatırlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.