REGİONLAR
Heydər Əliyevin adı xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrilib
Astara, 13 iyun, Bağır Əliyev, AZƏRTAC
Xalqımız bu gün tam əmindir ki, heç bir qüvvə ulu öndər Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçiliyini sarsıda bilməz, xalqımızın azadlığını və müstəqilliyini əlindən ala bilməz.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Astara şəhərindəki Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbirində səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi ününə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmə baxıblar.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizin hər yerində olduğu kimi, Astarada da 15 iyun- Milli Qurtuluş Gününün təntənə ilə qeyd edildiyini vurğulayaraq bildirib ki, 25 il əvvəl yenicə müstəqillik qazanmış Azərbaycan dövlətindəki idarəolunmaz vəziyyəti, xaos və hərc-mərcliyi görənlər qısa tarixi dövrdən sonra ölkəmizin belə bir yüksəliş dövrünə çata biləcəyini təsəvvür etməzdilər. Çox da uzaq olmayan həmin dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ağlı, zəkası ilə xilas oldu, dirçəldi və inkişaf etdi.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin apardığı müdrik, təmkinli və qətiyyətli siyasət nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yarandı, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşdu, onun əbədiliyi, sarsılmazlığı təmin edildi. Xalqın öz rəhbərinə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirdi.
Ümummilli Liderin xilaskarlıq missiyasından danışan Q.Ağayev böyük rəhbərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, bu gün Ulu Öndərin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Builki Milli Qurtuluş Gününün həm də müsəlman dünyasının əziz bayramı olan Ramazan bayramı ilə bir vaxta düşdüyünü vurğulayan Q.Ağayev astaralıları bu bayramlar münasibəti ilə təbrik edib, xalqımıza xoşbəxt həyat, firavan günlər, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.
Digər çıxış edənlər 25 il əvvəl ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açaraq o zamankı dövlət rəhbərliyinin siyasi naşılığı nəticəsində müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsinin yarandığını qeyd ediblər. Bildirilib ki, Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunub.