CƏMİYYƏT


Heydər Əliyevin azərbaycançılıq ideologiyası xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edib

Bakı, 10 may, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsində qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində, eyni zamanda, diasporumuzun formalaşmasında əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi 30 ildən çox müddətdə ölkəmizin iqtisadi tərəqqiyə nail olub, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazanıb, beynəlxalq səviyyədə tanınıb.

Tədbirdə qeyd olunub ki, Ulu Öndər yürütdüyü siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilib. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyası da məhz Heydər Əliyevin əvəzolunmaz xidmətidir.

Milli Məclisin deputatları Ülvi Quliyev, Elşad Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının sədri Ruslan Quliyev tədbirdə çıxış ediblər. Bildirilib ki, Heydər Əliyev Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasını, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini daim diqqətdə saxlayıb. Xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü əsas götürüb. Azərbaycanın milli bayramları sırasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün də yer alması dahi şəxsiyyətin böyük siyasi kursunun məntiqi nəticəsidir. Heydər Əliyevin dünya azərbaycanlılarını birləşdirmək ideyası bu gün də uğurla davam etdirilir.

Tədbirdə Heydər Əliyev Fondunun xətti ilə xaricdə yaşayan soydaşlarımızı əhatə edən yüzlərlə layihənin həyata keçirildiyi, minlərlə parlaq ideyanın reallaşdığı diqqətə çatdırılıb.

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbirdə onun həyat və fəaliyyətini əks etdirən maraqlı film və fotosərgi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.