REGİONLAR
Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq
Beyləqan, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü xocavəndli məcburi köçkünlər tərəfindən ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində ümumrayon anım mərasimi olub. Xocavəndli məcburi köçkünlər böyük öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin binası qarşısındakı büstü önünə əklil və gül dəstələri düzərək xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Ümummilli Liderin ruhuna dualar oxunub.
Xocavəndlilər Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən söz açıb, Tanrıdan ona rəhmət diləyiblər. Bildirilib ki, on altı il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
X X X
Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində də anım mərasimi keçirilib.
Laçınlı məcburi köçkünlər - rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, N saylı hərbi hissənin zabit və əsgərləri Ulu Öndərin rayon icra hakimiyyətinin binası qarşısındakı büstünü ziyarət edərək, önünə çiçək və gül dəstələri düzüblər. Mərasimə gələnlər dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirərək, müqəddəs ruhu qarşısında baş əyiblər.