REGİONLAR
Heydər Əliyevin əziz xatirəsi daim ürəklərdə yaşayacaq
Sumqayıt, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar olaraq Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları icra hakimiyyətinin binasının foyesində Ulu Öndərin büstü önünə gül düzüb, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Hafiz Quliyev adına Çaytumas məktəb-liseyinin Yeni Azərbaycan Partiyası ilk partiya təşkilatının sədri Malik Atakişiyev, Əməkdar müəllim Ədalət Əsədov dahi siyasətçi Heydər Əliyevin həyat yolundan, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs ediblər. Çıxışlarda Ulu Öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən danışılıb, dahi rəhbərin Azərbaycan dilinin, mədəniyyətin, elminin inkişafına diqqət və qayğısından söz açılıb.
Bildirilib ki, bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında yürütdüyü siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycanda bütün sahələr inkişaf edir və dövlətimiz daha da güclənir, eyni zamanda, əhalinin sosial vəziyyəti ilbəil yaxşılaşır. Bu inkişaf məcburi köçkünlərin həyatında da özünü göstərir.
Çıxışlarda vurğulanıb ki, zaman keçdikcə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoyub. Xalqımız dahi rəhbərini heç zaman unutmayacaq, Onun əziz xatirəsi daim ürəklərdə yaşayacaq.