REGİONLAR


Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevrilib

Lənkəran, 13 iyul, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, Ulu Öndər ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində misilsiz xidmətlər göstərib.

Qeyd olunub ki, Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə gəlməsindən az sonra respublikada inkişaf və tərəqqi özünü göstərməyə başlayıb, iqtisadiyyatın bütün sahələri, elm, təhsil, mədəniyyət sürətlə inkişaf edib.

Görkəmli dövlət xadiminin respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycan geridə qalmış aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilib. Ulu Öndərin Azərbaycanın problemlərini dərindən bilməsi, onların həlli yollarını müəyyənləşdirməsi, bütün xalqı vahid məqsəd ətrafında birləşdirməsi gələcək uğurların və inkişafın təməlinə çevrilib.

Professor Natiq İbrahimov çıxışında qeyd edib ki, Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizdə yüksəkixtisaslı kadr hazırlığına diqqət artırılıb, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, gənclərin hərbi ixtisaslara yiyələnməsi təmin edilib.

Diqqətə çatdırılıb ki, böyük rəhbər bütün çətin günlərdə həmişə xalqının yanında olub. Aktiv siyasi fəaliyyətdən uzaqlaşdırıldığı dövrdə belə 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi siyasi qiymət verməsi, kəskin mövqe nümayiş etdirməsi onun qətiyyətinin, uzaqgörənliyinin nəticəsi idi.

Ümummilli Liderin həyat və fəaliyyətinin maraqlı anları konfransda səslənən məruzələrdə geniş əksini tapıb.

LDU-nun Humanitar fakültəsinin dekanı, dosent Kamal Mahmudov, sosial məsələlər üzrə prorektor, dosent Kamran Kazımov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov məruzələrində Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Azərbaycan naminə gördüyü işlərin əhəmiyyətindən danışıblar.

Məruzələrdə qeyd olunub ki, Ulu Öndər 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə müdrikliyi və qəti mövqeyi ilə ölkəmizi məhv olmaqdan xilas edib, müstəqilliyimizi qoruyub, atəşkəsə nail olub, “Əsrin müqaviləsi”ni imzalayıb. O, Azərbaycan dövləti üçün bir insanın həyatı boyunca edə biləcəyi hər şeyi edib, özünün ən möhtəşəm əsərini - müstəqil Azərbaycanı yaradıb.

Konfransda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.