REGİONLAR


Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın dövlət müstəqilliyi üçün lazım olan təməllər atılıb

Xırdalan, 6 may, Ətrabə Rzayeva, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin həyatını və fəaliyyətini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.

Universitetin rektoru, professor Havar Məmmədov bütün həyatını müstəqil Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib. Ulu Öndərin çoxşaxəli fəaliyyətindən, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi zamanın sərt və ağır sınaqlarından çıxardığını, xalqın ictimai-siyasi, eyni zamanda, mədəni həyatının bütün sahələrində dirçəliş baş verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndər Heydər Əliyevin gənclərə həmişə böyük qayğı ilə yanaşmasından bəhs edib. Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən gerçəkləşdiyini diqqətə çatdıran icra başçısı 1996-cı il 2 fevral tarixində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirildiyini, bundan sonra gənclər siyasətinin istiqamətlərinin müəyyən olunması çərçivəsində böyük işlər görüldüyünü önə çəkib.

A.Fərzəliyev Ümummilli Liderin vəsiyyətini həyata keçirən Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən Azərbaycan xalqının ləyaqət simvoluna çevrilmiş övladlarımızın 44 gün ərzində yenilməz, dağılmaz təsəvvürü yaradılan erməni faşist ordusunu məhv etdiyini vurğulayıb. İcra başçısı qazanılan qələbənin kökündə, eyni zamanda, Ümummilli Lider tərəfindən əsası qoyulmuş siyasətin davam etməsinin, müstəqil Azərbaycanın hərbi bazasının möhkəmliyinin, eyni zamanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dayandığını bildirib.

Abdin Fərzəliyev şəhidlərimizin və qazilərimizin sosial müdafiəsi istiqamətində ölkə rəhbərliyi tərəfindən davamlı tədbirlərin həyata keçirildiyin də qeyd edib. O, bu gün doğma Şuşamızda çoxsaylı beynəlxalq tədbirlərin, o cümlədən “Xarıbülbül” musiqi festivalı, Dünya Azərbaycanlılarının Zəfər Qurultayı və Birinci Beynəlxalq Kulinariya festivalının təşkil olunduğunu xatırladıb, Füzuli və Zəngilanda aeroportların tikilməsindən, şəhərlərimizin və kəndlərimizin yenidən qurulmasından ətraflı danışıb.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı müasir və müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın dövlət müstəqilliyi üçün lazım olan təməllərin atıldığını diqqətə çatdırıb və bu istiqamətdə olan tarixi faktları sadalayıb.

Bildirilib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət qarşısında duran vacib məsələlər dövlət müstəqilliyini qorumaq və tanıtmaq, erməni təcavüzünü dayandırmaq, ölkənin inkişafının açarını tapmaq, ölkəni vətəndaş müharibəsindən və parçalanmaqdan xilas etmək olub.

M. Qasımlı sadalanan məsələlərin öhdəsindən layiqincə gələn Ümummilli Liderin hakimiyyəti illərində atəşkəsin əldə edilməsindən, ölkəmizin inkişafının əsası olan “Əsrin müqaviləsi”nin imzalanmasından danışıb. Vurğulayıb ki, nefti milli sərvətə çevirən ilk dövlət xadimi məhz Heydər Əliyev olub.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinin Azərbaycanda hakimiyyətin möhkəmləndirilməsi dövrü olduğunu vurğulayan deputat onu da qeyd edib ki, bu gün Ulu Öndərin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın müasirləşməsi, həmçinin yeni çağırışlara cavab verən dövlətin yaradılması uğurla həyata keçirilir.

Sonra Bakı Mühəndislik Universiteti və YAP BMU ilk ərazi təşkilatı tərəfindən universitetin ictimai-sosial həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən tələbələr mükafatlandırılıb.

Tədbir universitetinin bədii özfəaliyyət kollektivinin hazırladığı bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.