SİYASƏT
Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Bakı QHT Resurs və Təlim Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan xalqının görkəmli oğlu, böyük dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və formalaşmasında, sovet dövründə və müstəqillik illərində Azərbaycan Konstitusiyasının qəbul olunmasında, Azərbaycan xalqının inkişaf və tərəqqisini təmin edən İlham Əliyev kimi böyük dövlət və siyasət xadiminin yetişməsində, azərbaycançılıq məfkurəsinin yaradılması və dünya azərbaycanlılarının təşkilatlanmasında Ulu Öndərin tarixi xidmətlərindən danışıb. O, müasir Azərbaycan Respublikasının Ulu Öndər şah əsəri olduğunu qeyd edib. Vurğulanıb ki, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.
Tədbirdə çıxış edən ziyalılar - Zərifə Quliyeva, İlham İsmayılov, Leyla Gərayzadə, Asif Əsgərli, Nüşabə Məmmədova, Bədrəddin Həsrətov, Mehman Rəsulov və digərləri Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışıblar.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müasir Azərbaycanın inkişaf konsepsiyasını Prezident İlham Əliyev böyük uğurla davam etdirir.