REGİONLAR
Heydər Əliyevin idarəçilik keyfiyyətləri və vətənpərvərliyi milli ideyanın yüksəlişində misilsiz rol oynayıb
Ağcabədi, 10 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ideyanın yüksəlişinin təmin edilməsində misilsiz rol oynayıb. Ulu öndər Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev-99” adlı tədbirdə səsləndirilib. Heydər Əliyev Mərkəzinin və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.
Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxışında bildirib ki, idarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin fəaliyyətinin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan ulu öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, N saylı hərbi hissənin zabiti Elşən Quliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev, mədəniyyət işçisi Gündüz Sevindik çıxış edərək Dahi Liderin həyat və fəaliyyətindən, bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində uğurlu siyasətindən, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbədən danışıblar.
Sonda “Xalqa bağışlanan ömür” adlı film nümayiş etdirilib.