REGİONLAR


Heydər Əliyevin imzaladığı Fərmanla erməni millətçilərinin soyqırımı siyasətinə dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verilib

Heydər Əliyevin imzaladığı Fərmanla erməni millətçilərinin soyqırımı siyasətinə dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verilib

Sumqayıt, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC

1918-ci il 31 Mart soyqırımı sovetlər dövründə unutdurulmağa çalışılan tariximizin daha bir qanlı səhifəsidir. Azərbaycanda ermənilər tərəfindən həyata keçirilən növbəti dəhşətli soyqırımı aktı nəticəsində ölkənin müxtəlif bölgələrində azərbaycanlı olduqları üçün on minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirildi. Ermənilərin və onları regiona köçürərək daimi münaqişə ocağı yaradan havadarlarının azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı aktı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan, Qarabağ, Zəngəzur, İrəvan, Lənkəran və digər bölgələrdə on minlərlə soydaşımız milli mənsubiyyətinə görə qətlə yetirildi, on minlərlə insan öz torpaqlarından qovuldu. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü, Şamaxıda 58 kənd dağıdıldı, 7 min nəfər (1653 qadın, 965 uşaq) qətlə yetirildi. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olundu, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirildi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra soyqırımı aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanıb dünya ictimaiyyətinə çatdırıldı.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.

O, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanın erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət, Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənəd olduğunu vurğulayıb.

“2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi məzarlıq aşkarlandı. Tapılan insan cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılan zaman məzarlıqda 500-dək insan kəlləsinin olduğu, onlardan 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğu müəyyən edildi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi”, - deyə Ramiz Hüseynov bildirib.

YAP Sumqayıt şəhər təşkilatının sədri qeyd edib ki, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına qərar verildi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilib və 2013-cü il sentyabrın 18-də açılıb. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı deyib: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.

“Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı surətdə, sistemli şəkildə öyrənilməsi və tədqiqi, bu qanlı tariximizin unutdurulmaması, onun gələcək nəsillərə və dünya xalqlarına çatdırılmasına hesablanıb”, - deyə Ramiz Hüseynov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.