REGİONLAR
Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda tərəqqi və yüksəliş dövrünün əsası qoyuldu
Masallı, 10 iyul, Bağır Əliyev, AZƏRTAC
14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyə gəlməsi ölkəmizin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası, dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
S.Əliyev ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişikliklərinin baş verdiyini, ölkədə mövcud müəssisələrin yenidən qurulmasının, yenilərinin açılmasının, kənd təsərrüfatına dövlət qayğısının artırılmasının, infrastrukturların yenilənməsinin qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkəmizdə 250-dən çox yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yeri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbi açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq 2 dəfə artdı. Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər. O zaman Sovetlər Birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin hakimiyyətə gəlişi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş dövrünün əsasını qoydu.
Azərbaycan 1969-cu ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə inkişafın tempinə və sürətinə görə Sovet İttifaqında ən qabaqcıl respublikaya çevrildi. Ölkənin mənəvi-psixoloji mühitini, insanların ölkəyə və rəhbərliyə münasibətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib.
S.Əliyev bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində hamımıza məlum olan fəlakət, uçurum qarşısında olanda yenə də xalqın çağırışına səs verən Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmiş oldu. O deyib: “Ötən 50 ildə dünya çox dəyişib. Sovetlər İttifaqı süquta uğrayıb, Azərbaycan indi müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Heydər Əliyev siyasəti ötən 50 il ərzində Azərbaycanın simasını kökündən dəyişib və hazırda həmin siyasət Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ötən əsrin 70-ci illərində Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası adını qazandı. İndi isə Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan dövləti bütün dünyada ən dinamik iqtisadiyyatı olan, ən sürətlə inkişaf edən dövlət kimi tanınır. Bu, onu göstərir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hər zaman xalqımıza, Vətənimizə xidmət edib və bu gün də xidmət edir”.