CƏMİYYƏT


Heydər Məmmədov: 2020-ci ilin mayından indiyədək prokurorluq orqanları dövlətə vurulmuş 130 milyon manatadək vəsaitin geri ödənilməsini təmin edib

Bakı, 29 sentyabr, AZƏRTAC

2020-ci ilin mayından bu günədək prokurorluq orqanları tərəfindən aparılan cinayət təqibi üzrə dövlətə vurulmuş ümumilikdə 130 milyon manata yaxın pul vəsaiti dövlət büdcəsinə geri ödənilib.

Bunu Baş prokurorun müavini Heydər Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin cinayət yolu ilə vurulan ziyanların ödənilməsi istiqamətində çox mühüm işlər gördüyünü vurğulayan Baş prokurorun müavini deyib ki, törədilmiş cinayətin istintaqını aparmaqla cinayət törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb edilməsi ilə yanaşı, həmin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və digər əmlakların müəyyən edilərək zərərin ödənilməsinə yönəldilməsi prioritet hədəflərimizdən biridir. Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən həmin pul vəsaiti və əmlakların izlənilib tapılması və xüsusi müsadirəyə cəlb edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Belə ki, cinayət yolu ilə vurulmuş ziyanın ödətdirilməsi, xüsusi müsadirənin həyata keçirilməsi zamanı əsas tələblərdən biri hesabatlılıq və şəffaflığın təmin edilməsidir. Məhz bu məqsədlə keçən dövrdə dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 165 milyon manatdan yuxarı, fiziki və hüquqi şəxslərə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 1 milyon manatdan yuxarı, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətindən azad olunması üçün ödənilmiş 30 milyon manatdan yuxarı, əməliyyat-axtarış tədbirləri zamanı isə götürülmüş 1 milyon 800 min manatdan yuxarı pul vəsaitinin İdarə tərəfindən elektron-uçot bazasında qeydiyyatının aparılması təmin edilib.

“Habelə İdarə tərəfindən əmlakların izlənilməsi və aşkarlanması məqsədilə keçirilən tədbirlər nəticəsində təqsirləndirilən şəxslərə məxsus 608 nəqliyyat vasitəsi, 334 daşınmaz əmlak, 149 torpaq sahəsi, müxtəlif banklarda olan 90 hesab, 100 nəfərin fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi aşkar edilib. Bu müddətdə 81 əmlak, o cümlədən 21 torpaq sahəsi, 19 qeyri-yaşayış sahəsi, 13 nəqliyyat vasitəsi və 28 digər daşınmaz əmlakın mövcudluğu yerində yoxlanılmaqla onların qiymətləndirilməsi aparılıb”, - deyə H.Məmmədov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.