Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Heydər Məmmədov: Prokurorluqda aparılan islahatların əsasında vətəndaş məmnunluğuna nail olmaq dayanır

Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədovun AZƏRTAC-a müsahibəsi

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov Azərbaycan Prokurorluğunun yaradılmasının 104-cü ildönümü, bu sahədə həyata keçirilən islahatlar barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Hörmətli Heydər müəllim, qarşıdan Azərbaycan Prokurorluğunun yaradılmasının 104-cü ildönümü gəlir. Ölkəmizdə müasir idarəetmə, hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların prokurorluq orqanlarına təsirini necə xarakterizə edərdiniz?

- 1918-ci il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə müstəqil respublikamızın prokurorluq orqanları fəaliyyətə başlayıb. Təəssüf ki, həmin dövrdə müstəqilliyimiz qısa müddət davam etsə də, prokurorluğun bünövrəsi qoyulub. Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hakimiyyəti illərində prokurorluq orqanları fəaliyyətini davam etdirib.

Müstəqilliyin bərpasından sonra Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunçuluğun və hüquq prinsiplərinin qorunmasına xidmət edən bir qurum kimi formalaşması ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti və yüksək qayğısı nəticəsində mümkün olub.

Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən hüquqi dövlət quruculuğu istiqamətində aparılan uğurlu islahatlar prokurorluğun fəaliyyətinə də sirayət edib. Bu gün Azərbaycan Prokurorluğu müasir idarəetmə standartlarına cavab verən, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən qurum kimi fəaliyyətini uğurla həyata keçirir.

Prezident İlham Əliyev 2020-ci il mayın 1-də Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində olduqca mühüm göstəriş və tapşırıqlar verib. Həmin tapşırıqları rəhbər tutaraq son iki ildən artıq müddət ərzində prokurorluq orqanlarında institusional və geniş kadr islahatları həyata keçirilib. Belə ki, prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib. Bununla da Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha mobil və dinamik idarəetmə sistemi yaradılıb. Bəzi idarələr ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunub. Bundan başqa, məhz Baş prokurorun təşəbbüsü ilə milli və beynəlxalq təcrübə nəzərə alınaraq, müasir dövrün çağırışlarına cavab verən, hazırda özünün səmərəli fəaliyyəti ilə seçilən yeni - Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

Eyni zamanda, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə prokurorluğun sisteminə daxil olan Azərbaycan Respublikasının Hərbi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi, Bakı Şəhər prokurorluqlarının, eləcə də Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni strukturu təsdiqlənib. Habelə qısa müddətdə idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə “İşin Təşkili Qaydaları” təsdiq olunub.

Həmçinin prokurorluğun beynəlxalq əməkdaşlıq sahəsində, xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində çoxsaylı tədbirlər görülüb, bir sıra ölkələrin nümayəndə heyətlərinin Azərbaycana, eləcə də Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətlərinin xarici ölkələrə işgüzar səfərləri baş tutub.

Aparılan düzgün kadr islahatları və çevik idarəetmə sayəsində gündəlik cinayətkarlıqla mübarizə, cinayət işlərinin istintaqı və prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi və prokurorluğun digər sahələrində bütün göstəricilər üzrə müsbət dinamika əldə olunub.

Hesab edirəm ki, aparılan islahatlar çərçivəsində təsdiq olunmuş inkişaf istiqamətlərimiz və hədəflərimizi müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası”nda bu vaxtadək nəzərdə tutulmuş məqsədlərimizə çatmışıq. Qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün prokurorluq işçiləri bundan sonra da tam gücləri ilə işləyərək dövlətimizin milli maraqlarının qorunmasına xidmət göstərəcəklər.

- Prokurorluğun strukturunun müasir standartlara cavab verməsi məqsədilə aparılan islahatlar çərçivəsində yeni idarələrin yaradılması hansı zərurətdən irəli gəlirdi?

- Maraqlı sualdır. İslahatların aparılmasında əsas məqsədlərdən biri prokurorluq orqanlarının qanunla üzərinə düşən bütün sahələrdə vəzifələrini layiqincə yerinə yetirməsi, eyni zamanda, fəaliyyətini müasir idarəetmə prinsiplərinə cavab verən, cinayətkarlığın bütün sferalarını, xüsusən də korrupsiya, iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə qarşı müasir dövrün tələblərinə uyğun adekvat addımların atılmasına imkan verən effektiv mexanizmin yaradılması, xüsusi müsadirə obyektləri və digər maliyyə resurslarının səmərəli idarə edilməsi olub.

Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri də bu zərurətdən irəli gələrək yaradılıb. İlk növbədə, onu qeyd etməliyəm ki, yeni yaradılan hər iki idarə prokurorluğun mövcud ştat vahidləri çərçivəsində təsis edilib. Yəni, bunun üçün əlavə maliyyə resursu ayrılmayıb. Onu da bildirməliyəm ki, prokurorluğun ənənəvi fəaliyyət istiqamətlərindən əlavə qanunvericiliklə üzərinə qoyulmuş digər vəzifələri də mövcuddur. Qanunvericilikdə əksini tapmasına baxmayaraq, bu məsələlər uzun zaman idi faktiki həyata keçirilmirdi. Məsələn, Cinayət təqibindən kənar icraatlar idarəsi yaradılmaqla prokurorluq cinayət təqibindən kənar icraat, xüsusən də iqtisadi fəaliyyət qaydaları, ekologiya əleyhinə, sosial, əmək və digər sahələrdə pozulmuş hüquqların bərpası sahəsində öz vəzifələrini layiqincə yerinə yetirməyə başlayıb. Belə İnzibati xəta törətmiş fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb olunmasına, o cümlədən cərimələnməsinin təmin edilməsinə başlanılıb. Bu sahədə hazırda qarşımızda duran əsas hədəf şəxsləri inzibati məsuliyyətə cəlb etməkdən daha çox bu hüquqpozmaları doğuran səbəb və şəraitin təhlil edilərək aradan qaldırılmasıdır.

Bundan başqa, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi cinayət yolu ilə vurulan ziyanların ödənilməsi istiqamətində çox mühüm işlər görməyə başlayıb. Belə ki, törədilmiş cinayətin istintaqını aparmaqla cinayət törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb edilməsi ilə yanaşı, həmin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və digər əmlakların müəyyən edilərək zərərin ödənilməsinə yönəldilməsi prioritet hədəflərimizdən biridir. Bu baxımdan qeyd etdiyim idarə tərəfindən həmin pul vəsaiti və əmlakların izlənilib tapılması və xüsusi müsadirəyə cəlb edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Belə ki, cinayət yolu ilə vurulmuş ziyanın ödətdirilməsi, xüsusi müsadirənin həyata keçirilməsi zamanı əsas tələblərdən biri hesabatlılıq və şəffaflığın təmin edilməsidir. Məhz bu məqsədlə keçən dövrdə dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 165 milyon manatdan yuxarı, fiziki və hüquqi şəxslərə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 1 milyon manatdan yuxarı, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətindən azad olunması üçün ödənilmiş 30 milyon manatdan yuxarı, əməliyyat-axtarış tədbirləri zamanı isə götürülmüş 1 milyon 800 min manatdan yuxarı pul vəsaitinin İdarə tərəfindən elektron-uçot bazasında qeydiyyatının aparılması təmin edilib.

Habelə İdarə tərəfindən əmlakların izlənilməsi və aşkarlanması məqsədilə keçirilən tədbirlər nəticəsində təqsirləndirilən şəxslərə məxsus 608 nəqliyyat vasitəsi, 334 daşınmaz əmlak, 149 torpaq sahəsi, müxtəlif banklarda olan 90 hesab, 100 nəfərin fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi aşkar edilib. Bu müddətdə 81 əmlak, o cümlədən 21 torpaq sahəsi, 19 qeyri-yaşayış sahəsi, 13 nəqliyyat vasitəsi və 28 digər daşınmaz əmlakın mövcudluğu yerində yoxlanılmaqla onların qiymətləndirilməsi aparılıb.

Qeyd etmək istərdim ki, 2020-ci ilin mayından bu günədək ümumilikdə prokurorluq orqanları tərəfindən aparılan cinayət təqibi üzrə dövlətə vurulmuş ümumilikdə 130 milyon manata yaxın pul vəsaiti dövlət büdcəsinə geri ödənilib.

Artıq müasir idarəetmə standartları, müsbət beynəlxalq təcrübə onu tələb edir ki, sağlam cəmiyyətin formalaşdırılması, ədalətin bərpa edilməsi məqsədilə cinayətkarın məsuliyyətə cəlb edilməsi, bir sıra hallarda cəmiyyətdən təcrid olunması nə qədər vacibdirsə, cinayət yolu ilə əldə olunmuş pul vəsaiti və əmlakın müəyyənləşdirilməsi, onların vurulmuş ziyanın ödətdirilməsinə yönəldilməsində hərtərəfli və innovativ yanaşma da bir o qədər önəm daşıyır. Bu yanaşma, həmçinin dövlətin bu sahədə xərclərini azaltmaqla, cinayətkarlıqla mübarizə aparan orqanların büdcədən asılılığını da azaltmağa xidmət edir. Bu məqsədlə prokurorluqda görülən bütün bu tədbirlər, eləcə də qanunvericiliyə edilmiş dəyişiklikdən sonra prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibindən kənar icraatlar üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin bir qisminin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə sərf edilməsi büdcə vəsaitlərinə qənaət edilməsinə və prokurorluğun bir çox xərclərinin büdcə hesabına deyil, büdcədən kənar vəsaitlər hesabına ödənilməsinə imkan verib.

Beləliklə, aparılan islahatlar nəticəsində maliyyə vəsaitlərinin düzgün idarəedilməsi prokurorluğun həm cinayət təqibi, həm cinayət təqibindən kənar fəaliyyətinin səmərəli həyata keçirilməsinə, həm vətəndaşların problemlərinin operativ həllinə, həm də büdcə vəsaitlərinin qənaətinə və səmərəli xərclənməsinə şərait yaradıb.

- Bütün fəaliyyət istiqamətlərində maddi-texniki təminatın yüksək olması işin keyfiyyətinə müsbət təsir edir. Bəs, prokurorluq orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə hansı işlər görülüb və prioritetlər nədən ibarətdir?

- Çox düzgün qeyd etdiniz, həqiqətən də prokurorluğun bütün sahələrində işin təşkili və həyata keçirilməsi, o cümlədən istintaq və əməliyyat tədbirləri, kriminalistik müayinələr zamanı müxtəlif avadanlıqların təchizatı və istifadəsindən tutmuş kargüzarlıq ləvazimatlarına kimi hamısına maliyyə vəsaiti, maddi-texniki təminat tələb olunur. Bütün bu təchizat işləri düzgün qurulmadığı halda həmin tədbirlərin effektivliyi, hətta baş tutması təhlükə altına düşə bilər. Eyni zamanda, təminat elə qurulmalı, maliyyə vəsaitləri elə idarə olunmalıdır ki, bu, israfçılığa yol verilmədən cinayət təqibinin və ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət etsin. Bir çox hallarda çoxları bu mövzuda danışmaqda həvəsli olmurlar. Lakin son iki ildən artıq müddətdə biz bu sahədə şəffaflığın və hesabatlılığın təmin edilməsinə nail olmuşuq.

Xüsusilə bildirmək istərdim, bu, bir ilkdir ki, Baş prokuror Kamran Əliyev hər bir yarımillik və illik kollegial iclaslarda, hətta beynəlxalq tədbirlərdə çıxışlarında prokurorluğun maddi-texniki təminatı sahəsində görülmüş işlər və gələcəkdə qarşıda duran vəzifələr, görülməli işlər barəsində geniş və ətraflı məlumat verir. Baş prokuror yeni vəzifəyə təyin olunduqdan sonra səmərəli maliyyə idarəetməsini və prokurorluğun maddi-texniki bazasının yaxşılaşdırılmasını ən üst prioritetlərdin biri kimi müəyyənləşdirib.

Əlbəttə ki, qarşıda böyük çağırışlar və həll olunmalı bir çox məsələlər var idi. Qarşıda duran hədəflərə daha səmərəli və qısa yolla çatmaq üçün bu istiqamətdə mövcud olan üstün və zəif tərəflər, görülmüş və görülməmiş, eləcə də uzun müddət ərzində həllini tapmayan məsələlər təhlil edilməklə strategiyamız müəyyənləşdirilib. Planımızın strukturuna mövcud problemlər, onların həlli yolları və konkret tədbirlər salınıb. Strategiyamızın təməlini isə şəffaflıq və dayanıqlılıq təşkil edirdi.

İslahatlara başlayarkən məqsədimiz maliyyə vəsaitinin və əsas vəsaitlərin düzgün istifadə olunmaqla səmərəli və effektiv idarəetməni təmin etmək, bununla da müxtəlif aspektlərdən gözləntiləri doğrultmaq olub. Gözləntilər dedikdə, mən həm əməkdaşların maddi rifahı və təminatının yaxşılaşdırılmasını, həm büdcə vəsaitinin səmərəli istifadə edilməsini, həm də effektiv işgüzar mühitin yaradılmasını nəzərdə tuturam.

Prioritetlərimizə gəldikdə isə bizim hədəflərimiz görünüşə yox, mahiyyətə köklənib. Demək istəyirəm ki, maliyyə vəsaitinin xərclənməsində əsas məqsəd ilk növbədə texnoloji vasitələrdən istifadə etməklə vətəndaş məmnunluğunun təmin olunması, cinayət təqibinin tam, hərtərəfli və obyektiv aparılması, eləcə də prokurorluq əməkdaşlarına işgüzar iş və istirahət şəraitinin yaradılmasından ibarətdir.

İlk növbədə, onu qeyd etməliyəm ki, möhtərəm Prezident İlham Əliyev prokurorluq orqanlarının əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına daim qayğı ilə yanaşıb. Ötən il prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı vəzifə maaşlarının iki dəfə artırılması dövlətimizin başçısının prokurorluğa göstərdiyi yüksək qayğısının növbəti təzahürüdür.

Bundan başqa, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir çox işlər görülüb. Maddi-texniki təminat dedikdə Baş Prokurorluğun, onun struktur qurumlarının, tabe rayon (şəhər) prokurorluqlarının maliyyələşdirilməsi, əməkdaşların maddi-texniki və sosial təminatlarının təşkili, inzibati binaların təmir-tikintisi, müvafiq inventar və avadanlıqlarla təmin edilməsi, prokurorluq orqanlarının nəqliyyat vasitələri ilə təchiz edilməsi və sair başa düşülür. Məsələn, 2020-ci ildə Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında müasir tələblərə cavab verən ümumi sahəsi 16,6 min kvadratmetr olan Baş Prokurorluğun yeni inzibati bina kompleksinin tikintisi tam yekunlaşdırılıb və 2021-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olub.

Üç inzibati, bir konfrans və yeməkxana daxil olmaqla dörd korpusdan ibarət olan bu binada hazırda Baş Prokurorluğun strukturuna daxil olan 7 idarənin əməkdaşları fəaliyyət göstərirlər. Həmin binada 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizə və qarşısında dərin ehtiramla baş əydiyimiz şəhidlərimizə həsr olunmuş tarixi-memorial qalereya yaradılıb.

Bina Prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə işgüzar şərait üçün tələb olunan bütün avadanlıq və ləvazimatlarla, o cümlədən ən müasir informasiya texnologiyaları, kriminalistik avadanlıqlar, texniki vasitələr, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunub, elektron kitabxana yaradılıb.

Cari ildə, həmçinin Baş Prokurorluğun Səbail rayonunun N.Rəfibəyli küçəsi 7 ünvanında yerləşən yeddimərtəbəli inzibati binasında əsaslı təmir işləri həyata keçirilib, əməkdaşlar üçün müasir işgüzar ofis şəraiti yaradılıb. Habelə üçmərtəbəli korpusda təmir-yenidənqurma işləri başa çatdırılıb, bütün mərtəbələrdə yenidən planlaşdırma işləri görülərək, müasir və tarixi üslubları gözlənilməklə interyer-dizayn layihələrinə uyğun təmir işləri həyata keçirilib.

Qeyd etməliyəm ki, tikinti-təmir işləri aparılarkən əvvəlki dövrlərdən fərqli olaraq işçilər üçün lüzumsuz böyük xidməti otaqlar əvəzinə, normal ofis şəraitinin qurulmasına, qənaət olunmuş sahələrin hesabına isə videokonfranslar, brifinqlərin keçirilməsi, komanda şəklində müzakirələrin aparılması və qonaqların qəbul edilməsinə imkan verən otaqların yaradılmasına üstünlük verilib.

Habelə büdcədənkənar vəsait hesabına uzun illərdən bəri prokurorluğun köhnəlmiş avtomobil parkı yenilənib. Bundan başqa, Prezidentin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nda prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakıda yaşayış binasının inşası nəzərdə tutulub. Dövlət Proqramının həmin maddəsinin icrası ilə əlaqədar Bakı şəhərinin Xətai rayonunun İ.Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişdiyi 2942A saylı məhəllədə “Qayğı” yaşayış kompleksinin inşasına 2012-ci ildə başlanılsa da, uzun illər bina təhvil verilməyib. Bununla əlaqədar olaraq, ötən il yaşayış binasının tamamlama işləri, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və istismara qəbul sənədlərinin alınması təmin olunaraq, Baş prokurorun iştirakı ilə 2021-ci il martın 16-da açılışı olub və bina prokurorluq əməkdaşlarının tam istifadəsinə verilib.

Eyni zamanda, Baş Prokurorluğun və tabe rayon (şəhər) prokurorluqlarının istifadəsində olan xidməti evlər və mənzillər siyahıya alınaraq, yerlərdə baxış keçirilməsi təmin edilib, texniki vəziyyəti müəyyənləşdirilərək vahid bazaya yerləşdirilib. Həmin xidməti evlər hazırda prokurorluq əməkdaşlarının istifadəsindədir.

Bundan əlavə, Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binasının tikintisinə başlanılıb, Qusar Rayon və Zaqatala Hərbi prokurorluqları Baş Prokurorluğun balansına qəbul edilib. Həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında təmir-bərpa işləri aparılıb.

Təbii ki, görülən işlərin ali məqsədi prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq orqanları əməkdaşlarının keyfiyyətli və səmərəli iş fəaliyyətinin təmin edilməsi və nəticədə prokurorluq əməkdaşlarının öz vəzifələrini tam, hərtərəfli və obyektiv icra etməklə vətəndaş məmnunluğunun təmin edilməsidir. Sadaladığım hədəflər şəffaf və dayanıqlı maliyyə idarəetməmizin əsas məqsədidir və sevindirici haldır ki, artıq iki ildən çox müddətdə prokurorluğun bütün sahələrində aparılan islahatlar kimi, maliyyə idarəetməsində də aparılan islahatlar öz bəhrəsini verməkdədir.

- Maddi-texniki təminat işinin düzgün qurulması üçün son dövrlər prokurorluqda nə kimi işlər görülüb?

- Aparılan islahatlar nəticəsində maddi-texniki təminat sahəsində izafi xərclərin aradan qaldırılması, israfçılığa yol verilməməsi, həqiqətən ehtiyacı olan sahələrə pul vəsaitinin yönəldilməsi bizim əsas hədəfimiz olub və bu istiqamətdə bir çox işlər görülüb. Məsələn, cari ildə prokurorluq orqanlarının maddi-texniki təminatının həyata keçirilməsi üçün ehtiyaclar müəyyənləşdirilərkən əsaslı təhlil nəticəsində tələb olunan malların alışı üçün şəffaf və müasir tələblərə uyğun satınalma və tender prosedurları keçirilib və malların bazar qiymətindən aşağı qiymətə alışı təmin edilib. Bu il 20-dən çox belə satınalma-tender proseduru keçirilib ki, bu da ötən illərlə müqayisədə dəfələrlə çoxdur. Satınalma-tenderlər zamanı şəffaflıq tam qorunub saxlanılmaqla, hamı üçün bərabər şərait yaradılıb və bu işə Baş prokurorun rəhbərliyi ilə gündəlik nəzarət həyata keçirilməkdədir. Eyni zamanda, aparılmış təhlillər nəticəsində poçt göndərişləri, telefon danışıqları, qaz, işıq və su təminatları, kargüzarlıq və katric xərcləri, həmçinin işçilərin ezamiyyətə göndərilməsi sahələrində qənaətlər edilib.

Bundan başqa, avtomobil parkının yenilənməsi həm yanacaq sərfiyyatında, həm də servis və təmir xərclərində qənaətə gətirib çıxarıb. Habelə nəqliyyat vasitələrinin benzinlə təminatı kartlar vasitəsilə həyata keçirilməyə başlandıqdan sonra burada da xərclərə qənaət olunduğu müşahidə edilir.

Həmçinin Prokurorluğun yeni yaradılmış Mətbəə sektoru tərəfindən illərdir istifadəsiz qalmış və təyinatı üzrə istifadə edilə bilməyən avadanlıqların təmir olunaraq tam həcmdə işə salınması nəticəsində ötən dövrdə böyük xərc hesabına başa gələn metodiki vəsaitlər, jurnal, buklet və digər mətbuat nəşrlərinin hazırlanması və çap edilməsi xərcləri minimuma endirilib. Lakin bu sahədə işlər daim nəzarətdə saxlanılmaqla davam etdirilməli, sistemli xarakter daşımalıdır.

Hesab edirəm ki, gələcəkdə institusional dəyişikliklər hesabına biz xərcləri daha da azaltmağa nail ola bilərik. Məsələn, “Elektron prokurorluq” informasiya sisteminin tam formatda və “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmuş şəkildə istifadəsi zaman və insan resurslarına, eyni zamanda, həddən artıq kağız, poçt, çap və s. kargüzarlıq xərclərinə qənaət edilməsi deməkdir.

Bundan başqa, istintaq sazişi institutunun tətbiqi də bir sıra uzun sürən ibtidai istintaq hərəkətlərinin aparılmasının qarşısını almaqla xərclərin azaldılmasına xidmət edə bilər.

Bir daha qeyd edirəm ki, bu sahədə aparılan islahatların, görülən işlərin əsas məqsədi dövlət büdcəsinə qənaət etmək, lüzumsuz xərcləri aradan qaldırmaqla maliyyə vəsaitinin düzgün idarəedilməsini təmin etməkdən ibarətdir. Yaddan çıxarmamalıyıq ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi, birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli, mədəni dəyərlərimizin qorunması istiqamətində gərgin əməyi sayəsində böyük quruculuq işləri gedir. Belə bir tarixi dövrdə maliyyə resurslarının düzgün idarəolunması, israfçılığa yol verilməməsinin təmin edilməsi hər birimizin borcudur.

- Son dövrlər prokurorluğun müasir standartlara uyğun fəaliyyəti, sosial şəbəkələrdə aktivliyi, habelə internet resurslarında yayılan xəbərlərə operativ reaksiya verməsi, ümumilikdə innovativ yanaşması göz qabağındadır. Prokurorluğun maddi-texniki bazasında texnoloji vasitələr nə kimi yer tutur?

- Hamıya məlumdur ki, müasir idarəetmə sistemində innovativ yanaşma əhəmiyyətli rol oynayır. Bu dəyişikliklərə biganə qalan və onunla ayaqlaşmayanlar açıq-aşkar geridə qalırlar. Sosial şəbəkələr də innovasiyanın yaratdığı geniş imkanlardan biridir. Ən vacib məqam ondan ibarətdir ki, biz özümüz ilk növbədə dəyişikliklərin mahiyyətini başa düşməliyik. Anlamalıyıq ki, insanlar artıq ənənəvi ərizə, şikayətlərdən çox fikirlərini sosial şəbəkələrdə paylaşmağa üstünlük verirlər. Onlar müraciətlərini müəyyən zaman və maliyyə vəsaiti tələb edən yollarla göndərməkdən daha çox elektron poçt, sosial şəbəkə vasitəsilə daha tez çatdırmağa üstünlük verirlər. Müasir prokurorluq bu yenilikləri nəzərə almaya bilməzdi. Buna görə də prokurorluğun bütün struktur qurumları bu sahədə işini müasir standartlara uyğun qurub, elektron məktubların qeydiyyatı, internet resurslarında yayılan və vətəndaşlarımızı narahat edən məsələlərə aydınlıq gətirilməsi, habelə onların maarifləndirilməsi istiqamətində işlər görürlər. Lakin onlara maddi-texniki dəstək göstərilməzsə, texnoloji alət və vasitələrlə təmin olunmazlarsa, bu işin keyfiyyətlə həyata keçirilməsi qeyri-mümkündür. Buna görə də prokurorluq orqanlarında son iki il ərzində aparılan islahatların əsas istiqamətlərindən biri də texnoloji avadanlıqlarımızın yenilənməsi olub. Bu istiqamətdə işlər davam etdirilir.

- Heydər müəllim, texnoloji yeniliklərdən istifadəyə nümunə olaraq nələri xüsusi qeyd edə bilərsiniz?

- Hazırda prokurorluq orqanlarında müraciətlərin qeydiyyatı, icrası habelə onlara nəzarət “Elektron sənəd dövriyyəsi” proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “Elektron cinayət işi”, “Elektron cinayət xəritəsi” və “Elektron dövlət ittihamı” proqramları mövcuddur.

Prezident İlham Əliyevin 2022-ci il 3 mart tarixli Fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Əsasnamədə informasiya sisteminin fəaliyyət prinsipləri, texnoloji infrastrukturu, təhlükəsizlik tədbirləri, informasiya sisteminin funksiyaları, informasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları və sistemləri, habelə informasiya sisteminin təşkili barədə müddəalar əksini tapıb. Bununla əlaqədar intensiv işlərə başlanılıb, həm öz əməkdaşlarımız, həm də autsorsinq xidmətindən istifadə etməklə proqram təminatı hazırlanmaqdadır. Həmin proqramın artıq mühasibatlıq və kadrlar üçün altsistemləri hazırdır. Proqram tam versiyada fəaliyyətə başladıqdan sonra “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmaqla işləyəcək.

Bundan başqa, Baş Prokurorluğun əsas inzibati binasında yeni server şəbəkə sistemi quraşdırılmaqla sürətli internet və digər imkanlar təmin edilib, Azərbaycan Respublikası Hərbi və Naxçıvan Muxtar Respublikası prokurorluqlarına lokal şəbəkə sistemi çəkilməklə texniki avadanlıqlar quraşdırılıb. Habelə vətəndaşların prokurorluq orqanlarına müraciətlərini daha da asanlaşdırmaq üçün mobil tətbiq proqramı yaradılıb və vətəndaşlar bu proqram vasitəsilə həm Baş Prokurorluğa müraciət edə bilər, həm də müraciətlərinə baxılmasının gedişatını izləyə bilərlər.

Həmçinin Baş Prokurorluq, respublika rayon (şəhər) prokurorluqları, Bakı şəhəri və tabe rayon prokurorluqlarının inzibati binalarında “CISCO” platformasına məxsus IP-telefoniya sistemi və avadanlıqları quraşdırılıb. Bu sistemin üstünlüklərindən biri telefon danışıqları zamanı məlumatların ötürülməsi şəbəkələr üzərindən aparıldığından danışıqların ucuz başa gəlməsi, təhlükəsizlik, böyük həcmdə nömrə tutumlu klaster sistemlərinin yaradılması və texnoloji baxımdan perspektivli informasiya verilişi imkanının olmasıdır. Bütün bu dəyişikliklər əvvəlki dövrlə müqayisədə qurumlararası kommunikasiyada bizə çox böyük üstünlüklər verib, xüsusən də pandemiya dövründə işimizin ləngiməməsinə, təhlükəsiz videozənglər, videokonfranslar vasitəsilə əlaqənin saxlanmasına imkanlar yaradıb.

Eyni zamanda, islahatlar çərçivəsində yeni yaradılmış Kriminalistika və informasiya texnologiyaları idarəsinin müasir kriminalistik avadanlıqlarla təchiz edilməsi, cinayət işlərinin ibtidai istintaqı zamanı son texnoloji üstünlüklərdən geniş istifadə olunması cinayətkarlıqla mübarizədə effektiv nəticələr əldə olunmasına kömək edib. Təsadüfi deyil ki, hazırda törədilən cinayətlərin isti izlərlə açılması ilə yanaşı, əvvəlki illərdən uzun müddət ərzində bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 26 qəsdən adam öldürmə və digər xüsusilə ağır cinayətlərin açılması təmin edilib.

- Deyə bilərsinizmi, prokurorluqda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə maddi-texniki təchizat sahəsində nə kimi işlər görülüb?

- Əslində, müsahibəmin əvvəlində də qeyd etdiyim kimi, son iki ildən bir az artıq müddətdə prokurorluqda aparılan islahatların hər birinin əsasında insanların hüquqlarını qorumaq, pozulan hüquqları, sosial ədaləti bərpa etmək və nəticədə vətəndaş məmnunluğuna nail olmaq dayanır. Lakin bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, insanı hansısa cinayəti törətməkdə ittiham etmək ən ağır proseslərdən biridir. Bundan başqa, cinayətdən zərər çəkmiş şəxsi cinayət təqibinin həyata keçirildiyi dövrdə, yekun qərar qəbul olunanadək, hətta bəzən ondan sonra da razı salmaq çətin vəzifələrdən biridir. Bütün bu çağırışların fonunda prokurorluğun vətəndaş məmnunluğunu təmin etməsi onun əməkdaşlarının peşəkarlığından, vəzifələrini vicdanla və qanunun tələblərinə əməl etməklə yerinə yetirməsindən, əməkdaşlarla vətəndaşlar arasında ünsiyyətin və bunun üçün tələb olunan maddi-texniki təchizatın düzgün təşkil edilməsindən asılıdır. Bu baxımdan insanların hüquqlarının müdafiəsi məqsədilə prokurorluğun alət və vasitələrinə əlçatanlığı təmin etmək görülən işlərin prioritetini təşkil edir və bu sahədə maliyyə xərclərinin effektivliyini artırmaq zəruri şərtlərdən biridir.

Hazırda prokurorluq orqanlarında vətəndaşların müraciətləri həm “Qaynar xətt” əlaqə vasitələri, həm elektron, həm də yazılı şəkildə qəbul edilir. Əlçatanlığı təmin etmək məqsədilə hətta, yuxarıda da qeyd etdiyim kimi, mobil tətbiq proqramı da hazırlanıb.

Həmçinin Baş Prokurorluğun inzibati binasında son təmir-tikinti işləri aparılarkən yeni “Qaynar xətt” növbətçi otağı yaradılaraq əməkdaşların fasiləsiz iş fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait qurulub. Vətəndaş qəbulu otaqları yenidən təmir edilməklə müvafiq avadanlıqlarla təmin olunub.

- Məlumdur ki, 2002-ci ildən başlayaraq ölkəmizdə prokurorluq orqanlarına qəbul müsabiqə vasitəsilə həyata keçirilir. Prokurorluğa yeni qəbul edilən əməkdaşların peşə biliyinin artırılması üçün nə kimi tədbirlər görülür?

- Çox gözəl sualdır. Həqiqətən də qeyd etdiyiniz kimi, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Son dövrlər aparılan islahatlar çərçivəsində müsabiqələrin keçirilməsi intensivləşdirilib. Hər müsabiqə üç mərhələdən ibarətdir. Artıq iki müsabiqə başa çatdırılıb və 183 gənc əməkdaş prokurorluq orqanlarına işə götürülüb. Xüsusilə vurğulamaq istərdim ki, müsabiqə yolu ilə işə qəbul olunmuş əməkdaşlar hazırda prokurorluq işçilərinin 83,9 faizini təşkil edir. Onlar yüksək bilik və bacarıqlarını, dünyagörüşlərini nümayiş etdirməklə işə qəbul olunsalar da, biz bununla kifayətlənmirik. Prokurorluq daim onların peşə bacarıqlarının artırılması istiqamətində işlər görür. Bu, çox vacib məqamdır və belə məsələlərdə konservativ yanaşmalardan uzaq durmaq lazımdır. Məsələn, keçmişdə hər bir əməkdaşın hazırlığı üçün kapital qoyuluşu o qədər səmərəli sayılmasa da, bu gün bütün dünya bunu qəbul edir ki, insan resurslarının düzgün idarəolunması və peşəkarlıq idarəetmədə vacib amillərdən biridir. Bu baxımdan prokurorluqda əməkdaşların peşə hazırlığının artırılması, xüsusən də müsbət beynəlxalq təcrübənin öyrənilməklə tətbiqi mühüm önəm daşıyır. Bununla əlaqədar bir çox əməkdaşımızın yerli və beynəlxalq seminar-treninqlərdə iştirakı, hətta xaricdə təhsil və iş təcrübəsi keçmələri təmin edilib. Məsələn, bir sıra işçilərimizin Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr, habelə yay akademiyaları və müxtəlif mövzularda keçirilən kurslarda təhsil almaları təmin olunub. Bundan başqa, bir neçə əməkdaşımız Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT Baş Assambleyasının Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi sessiyasında və Avropa Şurasının Korrupsiya əleyhinə Dövlətlər Qrupunun plenar iclaslarında iştirak ediblər.

Həmçinin Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı və Korrupsiyaya qarşı Avropa Əlaqələndiriciləri Şəbəkəsi, Avropa Komissiyası tərəfindən müəyyən olunmuş sahələr üzrə Avropa İttifaqına daxil olan üzv dövlətlərin aidiyyəti qurumları, Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən təşkil olunmuş təlimlər, habelə Avropa İttifaqı Agentliyi tərəfindən “Narkotik vasitələrin qaçaqmalçılığı – sintetik narkotik vasitələr”, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat tərəfindən Korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə, Fələstin Dövlətinin Baş Prokurorluğu tərəfindən “Ədalət mühakiməsinə çıxış və səmərəli prokurorluq xidmətləri”, Rusiya Federasiyasının İstintaq Komitəsinin Sankt-Peterburq Akademiyası tərəfindən “Şəxsiyyət əleyhinə törədilmiş cinayətlərin istintaqı ilə bağlı” mövzularda keçirilən treninq və seminarlarda əməkdaşlarımızın iştirakı təmin edilib.

Eyni zamanda, bu il əməkdaşlarımızdan biri Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktoratlığının Hüquqi əməkdaşlıq şöbəsində yaranmış vakansiyaya qəbul edilib. Bir əməkdaşımızın isə Niderland Krallığının Haaqa şəhərində yerləşən Beynəlxalq Prokurorlar Assosiasiyasının Katibliyində təcrübə keçməsi razılaşdırılıb.

Ümumiyyətlə, bilik və təhsil dəyərli insan kapitalını yaratmaq üçün açar rolunu oynayır və qeyd etdiyim bu tədbirlər əməkdaşlarımızın peşəkarlıqlarının və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, Baş prokurorun yorulmaz əməyi nəticəsində prokurorluğun beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində işin intensivləşməsi, prokurorluq əməkdaşlarının öz işlərini müasir standartlara uyğun qurmaları üçün geniş imkanlar yaradıb. Məsələn, Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin Ümumi Yığıncağında Baş prokurorun növbəti dəfə üç illik müddətə Assosiasiyanın vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilməsi, Baş prokurorun rəhbərliyi ilə bir çox xarici ölkələrə edilən səfərlər, eləcə də bir çox xarici dövlətlərin Baş prokurorları və digər rəsmi nümayəndə heyətlərinin ölkəmizə səfərləri, habelə Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının ilk iclasının Bakıda keçirilməsi, Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAIEX) proqramı, “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində keçirilən tədbirlər həm ölkəmizin beynəlxalq səviyyədə mövcud olan yüksək nüfuzunun qorunması istiqamətində prokurorluğun səylərini artırıb, həm işimizin milli xüsusiyyətlər qorunub saxlanılmaqla müasir formada təşkili, həm də əməkdaşlarımızın müsbət təcrübələrdən yararlanması imkanlarını artırıb. Bütün bu tədbirlərin uğurla nəticələnməsi üçün prokurorluq səmərəli və effektiv maddi-texniki təminat işini təşkil edib.

- İşğaldan azad edilmiş ərazilərdə prokurorluqların fəaliyyət göstərməsi üçün artıq işlərə başlanılıbmı, yaxud bununla bağlı nə kimi planlarınız var?

- Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edib. Prokurorluq orqanları əməkdaşları da tam gücü ilə işğaldan azad edilmiş doğma torpaqlarımızda öz vəzifələrini əzmlə yerinə yetirməyə daim hazırdırlar.

Qeyd etmək istərdim ki, işğaldan azad edilmiş Ağdam şəhərində bir neçə gün əvvəl Baş prokurorun rəhbərliyi ilə Baş Prokurorluğun rəhbər heyəti, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. Müşavirədə Qarabağda həyatın yenidən canlanmasına dair dövlət siyasətinin həyata keçirilməsində, o cümlədən qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və cinayətkarlığa qarşı mübarizədə səmərəli fəaliyyətlə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Bundan başqa, ötən ay Baş Prokurorluğun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Habelə prokurorluq orqanlarında düşmən tərəfindən törədilmiş insanlıq və müharibə əleyhinə və digər çoxlu sayda cinayətlərin istintaqı aparılmaqdadır. Bununla əlaqədar olaraq, əməkdaşlarımızın hadisə yerinə baxış keçirilməsi, ekspertizaların təyin edilməsi, dəymiş ziyanın müəyyənləşdirilməsi, zərərçəkmiş şəxslərin dindirilməsi və digər istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının maddi-texniki təminatı ilə bağlı onu deyə bilərəm ki, Prezidentin 2021-ci il 1 aprel tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamına əsasən yaradılmış Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının inzibati binalarında təmir işləri aparılıb, binalar müasir qurğu, avadanlıq, informasiya-kommunikasiya xətləri, mebel və kompüter avadanlıqları, eləcə də nəqliyyat vasitələri ilə təchiz edilib.

Bundan başqa, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb, ən müasir kompüter, mebel və digər avadanlıqlar, həmçinin avtomobillərlə təchiz olunub.

Təəssüf ki, erməni vandalları 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda bütün infrastrukturu məhv edib, inzibati bina, yaşayış sahələrini talayıblar. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz əmək və qayğısı ilə həmin ərazilərdə yeni həyat qurulur. Qısa müddətdə həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri bütün dünyanın gözü qabağındadır. Tezliklə həmin rayon və şəhərlərin Baş planları təsdiqləndikdən sonra dövlətimizin qayğısı hesabına prokurorluq orqanları əməkdaşlarının da öz xidmətlərini işğaldan azad edilmiş torpaqlarımızda tam gücü ilə aparmaları təmin olunacaq.

- Heydər müəllim, Azərbaycan Prokurorluğunun qısa müddətdə əldə etdiyi bu uğurları nə ilə əlaqələndirirsiniz?

- Mən bu uğuru Prezident İlham Əliyevin ölkənin bütün sahələrində apardığı uğurlu iqtisadi-siyasi fəaliyyəti ilə əlaqələndirirəm. Ona görə ki, bizim orqanda aparılan islahatların hər biri öz bünövrəsini Prezidentin apardığı vətəndaşyönümlü siyasətdən, həmçinin Baş prokuroru 2020-ci il mayın 1-də qəbul edərkən verdiyi göstəriş və tapşırıqlardan götürüb.

Möhtərəm Prezident bildirib ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Həqiqətən də bu gün prokurorluqda milli xüsusiyyətlərimiz nəzərə alınmaqla, müsbət beynəlxalq təcrübə öyrənilir, təhlil edilir və prokurorluq orqanlarının müasir standartlara uyğun fəaliyyəti təmin olunur.

Əminəm ki, Baş prokurorun rəhbərliyi ilə prokurorluq əməkdaşları bundan sonra da öz vəzifələrinin layiqincə yerinə yetirilməsi, dövlətimizin inkişafı və dayanıqlılığı üçün əllərindən gələni əsirgəməyəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub