REGİONLAR
Heykəltəraş Tokay Məmmədovun əsərləri Azərbaycan incəsənətinin xəzinələri sırasındadır
Mingəçevirdə heykəltəraş Tokay Məmmədovun 90 illik yubileyi təntənə ilə qeyd olunub
Mingəçevir, 23 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Turizm Kollecində Xalq Rəssamı, heykəltəraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunan konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları kollecin foyesində görkəmli rəssam və heykəltəraş, Əməkdar İncəsənət Xadimi Tokay Məmmədovun əsərlərindən ibarət sərginin açılış mərasiminə qatılıblar. Sərgi bələdçiləri Azərbaycan incəsənətinin gözəl nümunələrini yaratmağa müvəffəq olmuş Tokay Məmmədovun yaradıcılığı haqqında ətraflı məlumat verib, nümayiş olunan əsərləri iştirakçılara təqdim ediblər.
Sonra monitor vasitəsilə yubilyarın əsərləri nümayiş olunub. Ardınca tələbələrin əl işlərindən ibarət digər sərgiyə baxış keçirilib.
Yubiley münasibətilə təşkil olunan konfransda çıxış edən kollecin direktoru Əyyub Əyyubov Tokay Məmmədov yaradıcılığını öz ənənələri olan məktəb adlandıraraq deyib: “Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən dəfələrlə ən yüksək adlara layiq görülən Tokay Məmmədovun əməyini Prezident İlham Əliyev də daim qiymətləndirib. O, Xalq Rəssamı, “Şöhrət”, “Şərəf” ordenləri və digər ali dövlət mükafatlarına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə oktyabrın ilk günlərində Xalq Rəssamının 90 illik yubiley təntənələrinin keçirilməsi də mədəniyyətə, incəsənətə və bu sahənin inkişafında xidmətləri olan şəxslərin əməyinə verilən yüksək qiymət kimi qəbul edilir. İnanırıq ki, Tokay Məmmədov məktəbinin yetirmələri bu nailiyyətləri daha böyük uğurla gələcəyə aparmağa müvəffəq olacaqlar”.
Sonra Tokay Məmmədovun ömür və yaradıcılığından bəhs edən filmə baxış keçirilib. Filmdə müəllifin portret və monumental əsərləri bütün gözəllikləri ilə təqdim olunub.
Daha sonra konfransda digər məruzələr dinlənilib. Kollecin bədii-kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, pedaqoqlar Kifayət Əliyeva, Bəsti Qurbanova və başqaları Tokay Məmmədov yaradıcılığına işıq salıblar. Qeyd olunub ki, Azərbaycan və Rusiya ali yaradıcılıq məktəblərində təhsil almış, bu sahədəki potensialından pedaqoji sahədə uğurla istifadə etmiş Xalq Rəssamının Nizami Gəncəvi, Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və digər rəssamlıq və monumental heykəltəraşlıq nümunələri Azərbaycan incəsənətinin xəzinələri arasında yer almaqdadır. Müəllifin fərdi yaradıcılığı ilə yanaşı, digər görkəmli şəxslərlə ərsəyə gətirdiyi hər bir əsər əsl tarixi nümunədir.
Konfrans tələbə özfəaliyyət qrupu fəallarının maraqlı kompozisiyası ilə davam etdirilib.