REGİONLAR


Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır - toxumluq yonca istehsalına zərurət yaranıb VİDEO

Biləsuvar, 8 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC 

Bölgələrdə yonca əkini sahələri ilbəil genişləndirilir. Bu il təkcə Biləsuvarda yonca sahəsi 10 min hektara yaxın artırılıb. Bu baxımdan bir çox rayonda toxumçuluq təsərrüfatlarında toxumluq yonca istehsalına ciddi zərurət yaranıb.

AZƏRTAC xəbər verir ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlığın inkişafının mühüm rolu var. Bunun üçün müasir yem bazasının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əsasən əvəzsiz yem bitkisi olan yoncanın “AZNİXİ-5”, “262”, “Abşeron”, “Aran”, “Agstafa-1” sortları rayonlaşdırılıb.

Biləsuvarda heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılsa da, mütəxəssislərin fikrincə, bu sortların yenilənməsinə ehtiyac var. Ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarında yonca toxumu istehsal olunsa da, tələbat tam ödənilmir. Mülkiyyətçilər tərəfindən keyfiyyətli toxumun əldə olunmasında çətinliklər yaşanır.

Yonca əkini ilə məşğul olan fermerlərdən biri də Xudaverdi Mahmudovdur. O, 2 hektar sahədə yonca toxumu əkib. “Birinci biçindən sonra sahə toxumluq üçün saxlanılır. Birinci biçini apardıqdan sonra sahələri mineral gübrələrlə təmin etmişəm və bir dəfə də suvarma aparmışam. Hazırda toxumun döyülməsi ilə məşğuluq. Bu il yüksək məhsul alınacağına ümidimiz var. Yonca toxumunun qiymətinə gəldikdə, biz fermerləri qane edir. Qiymət ilbəil dəyişir. Toxumun 1 kiloqramının qiyməti 4-5 manat arasında dəyişir”, - deyə o bildirib.

Təcrübə göstərir ki, 2 illik yoncanın ikinci biçinini toxum məqsədilə saxladıqda yüksək keyfiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait yaranır. Bitkinin paxlalarının 90-95 faizi qonurlaşanda biçin başlanır. Bitkiyə optimal müddətdə düzgün aqrotexniki qulluq göstərildikdə yoncanın hər hektarından 3-5, qabaqcıl təsərrüfatlarda isə 6-8 sentner məhsuldarlığa nail olunur.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyevin sözlərinə görə, respublikamızda, o cümlədən rayonda yonca əkinlərinin sahəsi ilbəil genişlənir. Buna görə də toxum bazasının təmin olunması xüsusi əhəmiyyət kəsb edir. “Rayonumuzda özəl toxumçuluq təsərrüfatları tərəfindən bu fəaliyyət təmin olunsa da, toxumların təmizlənməsi prosesində ciddi problemlər var. Yaxşı olardı ki, respublikaya toxum təmizlənməsi üçün aqreqatlar gətirilsin və onlar özəl və eyni zamanda, hüquqi şəxslərə paylansın. Bu, heyvandarlığın yem bazasının formalaşmasında mühüm rol oynayan yonca əkininə marağı daha da artırar. Eyni zamanda, bu sahənin inkişafına təkan verər”.

Qeyd edək ki, bu il rayonda yonca sahələrinin genişləndirilməsi heyvandarlığın inkişafına da təsirsiz ötüşməyib. 2020-ci ilin birinci yarısınadək iribuynuzlu mal-qaranın baş sayı 40 min 244, xırdabuynuzlu mal-qaranın sayı 135 min 395 başadək artıb. Ət istehsalı 3642 ton, süd istehsalı 13 min 664 ton olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.